31 il əvvəl Xocalının Meşəli kənd sakinlərinə qarşı soyqırım törədənlərdən biri Vaqif Xaçaturyanın Laçın sərhəd keçid məntəqəsində saxlanılması və həbs edilməsi göstərdi ki, heç bir cinayət cəzasız qalmır və haqq-ədalət gec-tez bərqərar olur. Yəni onun kimiləri uzun müddət gizlənə bilsələr də, vaxtı çatanda layiq olduqları cəzanı bulurlar.
Gizlin deyil ki, bu gün Ermənistan rəsmiləri, erməni deputatlar, eləcə də Qarabağdakı separatçılar Xaçaturyanın həbsi ətrafında şou yaratmaq cəhdindədirlər. Amma cəhdləri heç cür alınmır. Artıq azərbaycanlılara qarşı soyqırım cinayətlərində əli, iştirakı olan bir çoxları əndişəyə düşüblər ki, onları da Xaçaturyanın aqibəti gözləyə bilər.
Məsələn, Ermənistan parlamentinin sabiq deputatı Naira Zöhrabyan haray salıb ki, Xaçaturyanın ardınca Azərbaycan başqa caniləri də həbs edə bilər.
N.Zöhrabyan öz Feysbuk səhifəsində Azərbaycanın Baş Prokurorluğunun Vaqif Xaçaturyana qarşı qaldırdığı cinayət işi barədə yazır: “Onun ittiham olunduğu maddələr 20 il və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Hər birimiz növbəti olacağıq”.
“...Bu həbslərin ardı gələcək”
N.Zöhrabyan açıq bildirir ki, azərbaycanlılara qarşı cinayət törədən hər kəs məsuliyyətə cəlb olunacaq və heç kəs canını qurtara bilməyəcək. Azərbaycan dövlətinin, aidiyyəti qurumların Xaçaturyana qarşı həyata keçirdiyi tədbirdən canilərin hamısının rahatsız olduğunu deyən Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Xaçatruryanın həbsi onun kimilərinin də məsuliyyətdən kənarda qalmayacağını qətiləşdirir. “Fikrimdə, keçmiş erməni deputatın qorxularının və əndişəsinin əsası var. Xaçaturyanın həbsi sübut etdi ki, azərbaycanlılara qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq, cani cəzasını alacaq. Azərbaycanın hüquq-mühafizə orqanları 31 ildən sonra da olsa Meşəli canisinin həbsinə və cinayət məsuliyyətinə cəlb olunmasına nail oldu. Erməni caniləri elə düşünürdü ki, bu cinayətlərin üstündən 30 ildən artıq vaxt keçib, onların əməlləri cəzasız qalacaq, amma gördüyünüz kimi, yanılırlar. Azərbaycan dövləti azərbaycanlılara qarşı soyqırım cinayətləri, qətliamlar törədən hər bir şəxsin həbs edilməsində, cəzalandırılmasında israrlıdır, qətiyyətlidir. Xaçaturyanın həbsi ilk addımdır, amma bu həbslərin ardı gələcək. Hesab edirəm ki, azərbaycanılara qarşı törədilən cinayətlərdə, soyqırımlarda iştirak etmiş erməni cəlladları ən ağır cəzaya məhkum edilməlidir”.
M.Göyüşlü qeyd etdi ki, erməni cəlladları Azərbaycan qanunları əsasında mühakimə edilməli və onlara ən ağır cəza verilməlidir. “Sabiq deputat da yaxşı anlayır ki, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin bütün iştirakçıları törətdikləri qanlı əmələ görə cavab verəcəklər. Bu cinayətlərdə əli olan hər bir erməni cəlladını Xaçaturyanın aqibəti gözləyir” - deyə M.Göyüşlü əlavə etdi.
Əli TURABOV