Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkəmizin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı iyul ayı ərzində 3 dəfə radiomaneələr tətbiq olunub.
Müdafiə Nazirliyinin rəsmi məlumatından aydın olur ki, iyulun 13-də, 24-də və 28-də təyyarələrə radiomanelər tətbiq olunub. Müdafiə Nazirliyi bəyan edib ki, bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına dəfələrlə müraciət edilsə də, heç bir tədbir görülməyib.
Maraqlıdır ki, bütün bunlara baxmayaraq, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) bir dəfə də olsun, buna reaksiya verməyib. Halbuki, BMT-nin agentliyi olan bu təşkilatda 190 ölkə təmsil olunur.
“Bunlar nəticə verməsə, o zaman Rusiya ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmi şikayət olunmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bununla bağlı Azərbaycanın müvafiq beynəlxalq qurumlara müraciət edib-etmədiyi məlum deyil: “Əvvəla yaxşı olardı ki, bu kimi halların baş verməsi ilə əlaqədar müvafiq qurumlara müraciətin olub-olmamasına bir aydınlıq gətirilsin. Məsələn, Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət olunubmu? Olubsa və həmin qurum buna münasibət bildirmirsə, bu, beynəlxalq hüququn pozulmasıdır. O da ola bilər ki, müraciət etməklə bağlı hər hansı bir problem var. Məsələ ondadır ki, Qarabağdakı separatçılar dünyada tanınan tərəf deyil. Ona görə də ICAO-nun buna münasibət bildirməsi doğru olmaz. Münasibət olsa, o zaman erməni separatçıları bundan təbliğat məqsədilə istifadə edəcəklər. Rusiya sülhməramlıları ilə bağlı şikayət edilsə, o zaman Azərbaycanın bu addımı Moskvada xoş qarşılanmayacaq. Bu da iki ölkə arasında olan münasibətlərə, rəsmi əlaqələrə mənfi təsir edə bilər. Bəlkə də bu səbəbdən müraciət olunmur. Ancaq istənilən halda məsələni belə qoymaq olmaz. Çünki belə müdaxilələr Azərbaycanın hava məkanını dünyada etibarsızlaşdırır ki, bu da bizə çox ciddi zərər verə bilər. Əslində təyyarələrə yaradılan radiomaneələrin arxasında Rusiya dayanır. Ya da Rusiya separatçılılara belə imkan verir ki, Azərbaycanın hava məkanında təhdid mühiti yaratsınlar. Nəzərə alsaq ki, Qarabağda Rusiya sülhməramlıları yerləşib, biz bu məsələ ilə bağlı israrlı formada onlardan izahat tələb etməliyik. Bunlar nəticə verməsə, o zaman Rusiya ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına rəsmi şikayət olunmalıdır. Bir sözlə, sözügedən məsələnin üzərinə getməliyik. Üzərinə getməsək, bu bizə ciddi problemlər yarada bilər”.
Vidadi ORDAHALLI