"FETÖ-nün yaradacağı təhlükəyə qarşı ən tədbirli davranan, qətiyyətli mübarizə aparan ölkələrdən biri də Azərbaycandır”. Bunu mediaya açıqlamasında Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.
Qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi coğrafiya FETÖ terror təşkilatının ən fəal olduğu yerlərdən olub və bu təşkilatla mübarizədə Azərbaycan əvvəldən Türkiyə ilə koordinasiyalı işləyir: “Azərbaycanda həyata keçirilən son əməliyyatlardan sonra FETÖ-nün hələ də varlığını qoruyub saxlamağa, aktiv olmağa çalışdığı məlum olur".
"Bir çox sahələrdə olduğu kimi, "FETO"-yə qarşı mübarizədə də Azərbaycan-Türkiyə müttəfiqliyi davam edəcək"
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan daim dindən siyasi məqsədlər üçün istifadə edən terror təşkilatlarına qarşı mübarizə aparıb. Bu səbəbdən də Azərbaycan güclü, stabil ölkə olaraq beynəlxalq aləmdə tanınır: "Cəmiyyətdə və beynəlxalq institutlarda ölkəmizlə bağlı böyük inam formalaşıb. Danılmaz faktdır ki, Azərbaycanda bəzi güc strukturları zaman-zaman müxtəlif dairələrinin əlində oyuncağa, fərqli-fərqli ideologiyaların alətinə çevrildi. Ölkəmiz daim dini terror təşkilatlarına qarşı mübarizə aparıb. Bu qəbildən FETÖ-nün Türkiyəyə qarşı həyata keçirdiyi xain planlar ifşa edilərkən Azərbaycan bu məsələdə sonuna qədər Türkiyənin yanında yer alıb. Türkiyədə FETÖ- yə qarşı ilkin əməliyyatlar başlayan andan ölkəmiz Azərbaycanda qurmağa çalışdıqları bütün dayaq nöqtələrini sıradan çıxarıb.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün Türkiyə və dünyanın bir sıra ölkələrində bu örgütə qarşı mübarizə tədbirləri davam edir: "Xatırladım ki, ötən həftələrdə Azərbaycanda baş verən əməliyyatlar bir daha göstərir ki, FETÖ təhdidi hələ davam edir. Azərbaycanda bu təşkilatın bütün ünsürləri aradan qaldırılana və həbs edilənə qədər onlara qarşı mübarizə davam etdiriləcək. Azərbaycanın bu məsələdə tutduğu mövqe Türkiyənin beyin mərkəzlərinin rəhbərləri, ictimai siyasi xadimləri tərəfindən yüksək dəyərləndirilir. Hesab edirəm ki, bir çox sahələrdə olduğu kimi, FETÖ-yə qarşı mübarizədə də Azərbaycan-Türkiyə müttəfiqliyi davam edəcək".
Günel CƏLİLOVA