Ermənistanın öz öhdəliklərinə zidd olaraq hələ də öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneəçilik törətməsi, Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi bəhanəsi ilə Azərbaycanın daxili işinə qarışmaq niyyətindən əl çəkməməsi bölgədə sülh və əmin-amanlığa əsas təhdidlər sırasındadır.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirdiyi mətbuat konfransında deyib.
"Bütün bu təhdidlərə baxmayaraq, Azərbaycan tərəfindən həyata kçeirilən siyasət eyni zamanda Azərbaycan və Türkiyənin bölgənin gələcəyinə olan birgə baxışları və atılan addımlar bundan sonra da regionda tərəqqini, təhlükəsizliyi təmin edəcək", - deyə C.Bayramov bildirib.
C.Bayramov deyib ki, Ermənistanın işğalçılıq siyasəti normallaşma prosesini mümkünsüz edib. Nazir bildirib ki, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyi göz qabağındadır.
"Uzun illər ərzində normallaşma prosesini mümkünsüz edən məqam Ermənistan işğalçı siyasəti, Azərbaycanın torpaqlarını işğal altında saxlaması oldu. Torpaqlarımız işğal altında olarkən orada baş verən cinayətlərə, qanunsuzluqlara baxmayaraq, ərazilərimiz işğaldan azad olunduqdan çox qısa müddət sonra Prezident İlham Əliyev açıq bəyanatla çıxış edərək dedi ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi üzərində çalışmağa hazırdır. Bu, qalib dövlətin və qalib liderin atdığı addım idi", - deyə C. Bayramov bildirib.