Ermənistan XİN-in bu gün İrəvana qaçmaq istərkən Laçın "KPP"-də yaxalanmış qatil Vaqif Xaçaturyanı beynəlxalq humanitar müdafiə altında olan şəxs kimi qələmə verməsi absurddur, heç cür qəbul edilə bilməz, dünya ictimaiyyətini aldatmaqdır, çünki o, beynəlxalq humanitar müdafiə altında olan şəxs yox, beynəlxalq humanitar müdafiə altında gizlənərək cəzadan yaxa qurtarmağa çalışan cinayətkardır. Həm də adi cinayətkar yox, genosid, deportasiya və insanlıq əleyhinə digər ağır cinayətlər törətmiş qatildir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev yazır ki, ən böyük yalan isə odur ki, Ermənistan XİN onun guya Azərbaycan sərhədçiləri tərəfindən oğurlandığını iddia edir:
"Maraqlıdır ki, erməni KİV-ləri və rəsmi dairələr məxluqun barəsində "68 yaşlı xəstə oğurlanıb"dan başqa heç bir bioqrafik şey demirlər, daha doğrusu deyə bilmirlər, çünki Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının əlində qatil Vaqif barədə yetərincə məlumatlar olduğunu bilirlər. Əks halda Azərbaycan sərhədçiləri onu niyə tuturdular ki?! Onunla bərabər Xankəndidən İrəvana gedən başqa şəxsləri niyə Azərbaycan sərhədçiləri keçiddə saxlamayıblar?! Demək, Vaqif Xaçaturyanın kim olduğunu sübut edən yetərli faktlar var.
Ermənilər bu məxluqun niyə məhz oğurlandığını iddia edirlər? Sülhməramlıların gözü qarşısında adam oğurlamaq mümkündür?! Ermənilər iddia edir ki, bizimkilər qatil Vaqifi guya aldadaraq aparıblar. Burası çox maraqlıdır. Ermənistanın keçmiş ombudsmanı deyir ki, BQXK öncədən İrəvana aparacağı xəstə ermənilərin adlı siyahısını Azərbaycan tərəfə təqdim edir, siyahı bu dəfə də təqdim edilmişdi, lakin Azərbaycan tərəfi öncədən siyahıya bir irad tutmadı, bu yolla aldadaraq məxluqu "oğurladılar"...
Baxın, erməninin iddiasından belə çıxır ki, Azərbaycan həmin siyahını alandan sonra "Xaçaturyanı gətirməyin, o bizdə cinayətkar kimi 2013-cü ildən axtarışdadır və 1991-ci ildə Xocalıda qanlı cinayətlər törədib" kimi bəyanat verməli idi. Gülməli deyilmi?! Xankəndidə Vaqifin müdafiəsi ilə bağlı BQXK-nın qarşısında təşkil olunmuş 5-3 nəfərlik səs-küy də bəzi şübhələrə əsas verib. Aksiyaçıların adından "qırmızı xaçlılara" deyilib ki, "Vaqifi sağ-salamat qaytarın, siz öhdəlik götürdünüz, biz sizə inanıb Vaqifi sizə verdik"... Ermənilər hansı öhdəlikdən danışır, onlar bu qatili verməyə və Xankəndidə saxlaya da bilərdilər. Bəlkə bu cinayətkarı İrəvana xəstə adı altında sağ-salamat çatdırmaq üçün "xaçlılarla" Xankəndi ermənilərinin hansısa çirkli sövdələşməsi, alış-verişi olub?.. Əgər "xaçlılar"ın öz avtomobillərində ermənilərin gizli yüklərini daşıdıqları fakt-sübutlarla ifşa olunubsa, demək, "xaçlılardan" bunu da gözləmək olar.
Göründüyü kimi, çox şey göz önündədir və bəzi şübhəli məqamlar da var.
Görək hələlik Xaçaturyanın bioqrafiyası haqda konkretlikdən qaçan Ermənistan hakimiyyəti bu qatil barədə hansı hekayələri quraşdıracaq..."
Tahir TAĞIYEV