Laçın yolunda Azərbaycanın sərhəd- buraxılış məntəqəsi qoyulmasaydı, düz 32 il əvvəl ərazilərimizdə soyqırım törətmiş qatil ermənini İrəvana qaçmaq istərkən ələ keçirə bilərdikmi? Yox təbii...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
İyulun 29-da baş vermiş bu tarixi olayın müstəsna əhəmiyyət daşıyan böyük nüansları var...
Əvvəla, Vaqif Xaçaturyan adlı Əsgəran ermənisinin bu 32 ildə Xankəndi-İrəvan yolu ilə nə qədər hərəkətlər edərək başqa hansı cinayət və qanunsuzluqlar törətdiyini istintaqçılarımızın "baldan tük çəkən" kimi çəkəcəklərinə söz yoxdur.
2. Vaqif Xaçaturyan 2013-cü ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən soyqırım və deportasiya maddələri ilə ittiham olunaraq beynəlxalq axtarışa verilib. Onun indiyə qədər azadlıqda qalması yalnız qanunsuz erməni işğal rejimi sayəsində, 2020-ci ilin 10 noyabrından bu yana isə sülhməramlıların himayəsi sayəsində mümkün olub.
3. Hadisə sübut edir ki, Laçın yolunda Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulması İlham Əliyevin çox uzaq hədəflərə hesablanmış dahiyanə qərarlarından biridir.
4. Bu hadisə sübut etdi ki, Ermənistan həqiqətən də beynəlxalq qurumları, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsini özünün təxribatçı siyasətinə alət etmək səylərini hələ davam etdirir. Belə ki, Xaçaturyan BQXK-nın avtomobilində xəstəlik adı altında ölkəmizdən qaçmaq istərkən ifşa edilib.
5. Axtarışda olan terrorçunun BQXK avtomobilində ifşa olunması Azərbaycanın indiyə qədər BQXK-nın fəaliyyətinə şübhələrlə baxmasının tam obyektiv əsaslı olduğunu sübut etdi.
6. Terrorçunun ifşası Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsini bundan sonra manipulyasiya etmək imkanlarını xeyli məhdudlaşdırdı. Bundan sonra Ermənistanın Beynəlxalq Məhkəmədə "Azərbaycan Laçın yolunda qanunsuz məntəqə qurub və ermənilərə genosid hazırlayır" kimi iddialarına ciddi baxan yəqin ki olmayacaq, bu yalana satılmaq istəyənlərin isə işi çox çətin olacaq.
7. Torpaqlarımızda 20-30 il əvvəl cinayət törədərək cəzadan yaxa qurtardığını düşünən cinayətkar ermənilərin yuxusu bundan sonra ərşə çəkiləcək. İndi artıq şübhə yoxdur ki, sağ qalan bütün erməni cinayətkarları gec-tez Azərbaycanın əlinə - haqqın divanına keçəcəklər...
Xatırladım ki, cinayətkar Vaqif Xaçaturyan Əsgəran sakini olub, 1991-ci il dekabrın 22-də, yəni böyük Xocalı faciəsindən 2 ay əvvəl öz quldur bandası ilə birlikdə Xocalının Meşəli kəndinə basqın etmiş, 25 nəfər günahsız sivil azərbaycanlını qətl etmiş, 15 nəfərə ağır xəsarətlər yetirmiş, 400-dən çox sakinin isə öz isti yuvasını faciəli şəkildə tərk etmələrinə səbəb olmuşdur.
Tahir TAĞIYEV