Sabunçu rayonu Aydınbəyov küçəsində naməlum şəxs paytaxt sakini Toğrul Qəhrəmanova bıçaqla hədə-qorxu gələrək onun “İphone 7” markalı mobil telefonunu əlindən alıb.
Zərərçəkən bundan sonra hadisə barədə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə məlumat verib. Şöbə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə məhkum olunmuş Röyal Səfərov saxlanıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək, quldurluq yolu ilə əldə etdiyi mobil telefonu satdığını bildirib.
Araşdırma zamanı R.Səfərovun Sabunçu rayonunda daha bir şəxsə hədə-qorxu gələrək onun da mobil telefonunu əlindən aldığı məlum olub. Saxlanın şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sabunçu RPİ və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilər.