Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər yaxalanıb.
Daxil olan məlumat əsasında polisin keçirdiyi əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanıb. Onun üzərinə baxış zamanı 11 büküm narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı həmin şəxsə narkotik maddəni satmaqda şübhəli bilinən qohumu, əvvəllər məhkum olunmuş paytaxt sakini Vahid Həsənov da tutularaq istintaqa təqdim edilib. Həmin şəxsin də üzərindən narkotik maddə olan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Ekspertiza ilə məlum olub ki, S.Mirzəyevdən aşkar edilən narkotik vasitənin miqdarı 50 qram, V.Həsənovdan aşkar edilən narkotik vasitənin çəkisi isə 1 kiloqram 50 qramdır. Qeyd edək ki, V.Həsənovdan bir ədəd elektron tərəzi də aşkar edilərək götürülüb.
Saxlanan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və barələrində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.