Mülkiyyət əleyhinə olan və bu zaman zərərçəkənlərə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisələrinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ilin əvvəlində rayonun Vəlvələ kəndi ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı saxlanan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb. Yanvarın 1-də gecə saatlarında ev sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdıraraq, zərərçəkmişə məxsus evə qanunsuz daxil olub, evin ikinci mərtəbəsində yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pulu oğurlayıb.
Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib. Pulun xeyli miqdarı isə saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi bir ədəd qara rəngli maska, bir çüt əlcək, bir ədəd vintaçan və yastıdodaq aləti (kəlbətin), həmçinin bir ədəd soyuq silah olan beşbarmaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Maddi sübut kimi götürülən pulun xeyli miqdarı istintaq hərəkətləri tamamlandıqdan sonra zərərçəkmişə qaytarılması təmin ediləcək.
Nizam HƏMİDOV polis leytenantı