Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, 2018-ci ilin oktyabr ayında F.X.Xoyski küçəsində Rəvana adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verib. Amma həmin şəxs pulu əldə edəndən sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldadıb. Şöbə əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanıb. O, izahatında etdiyi cinayəti etiraf edib.
Saxlanan şəxsin ətrafında keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Belə ki, araşdırma zamanı R.Babayevanın xadimə kimi işlədiyi Nərimanov rayonu A.Alı küçəsində yerləşən mənzildən 1000 ABŞ dolları və 1 ədəd dəyəri 3000 manat olan xalça oğurladığı da məlum olub. Saxlanan şəxs oğurladığı xalçanı 1200 manata satıb.
Qeyd edilən faktla bağlı 18-ci Polis Şöbəsində saxlanan şəxs barəsində toplanan materiallar araşdırılması üçün Nərimanov RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Oğurluq və dələduzluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilər.