Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinərək axtarışda olan Gəncə şəhər sakini Elməddin Əliyevin “Mercedes” markalı mikroavtobusda sərnişin qismində şəhəri tərk etməsi barədə dekabrın 25-də Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə qeyd edilən mikroavtobus həmin gün saat 02.45 radələrində Hacıqabul rayonu ərazisindəki YPX postunda yoxlama məqsədilə saxlanıb.
Polis əməkdaşları tərəfindən saxlanan E.Əliyevin üzərindən şəxsi axtarış zamanı bıçaq aşkar edilərək götürülüb. O, aidiyyəti üzrə istintaq orqanına təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı