Akif Nəsirli: "Vaxtilə çoban peşəsi ilə məşğul olanlar bu gün Bakıda hörgü, bənna və digər işlərdə çalışır"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Azərbaycanda da əhalinin ərzaqla etibarlı təminatı məqsədilə bir çox tədbirlər həyata keçirilir. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramlarının icrası ilə iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının sürətli inkişafı təmin edilir.
Aqrar sektorun əsas sahələrindən biri də heyvandarlıqdır. Heyvandarlığın inkişafı üçün də lazımi işlər görülür. Ancaq Azərbaycanda çobanların sayının azaldığı müşahidə edilir. Kəndlərdə çobanlıqla məşğul olmaq istəyənlər, demək olar ki, qalmayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan tarixində çobanların xüsusi yeri olub. Ancaq indi çobanlıq tədricən bir peşə kimi yox olmaq üzrədir. Çoban qıtlığı heyvandarlıq sektoruna ciddi təsir edir.
"Fermerin mənfəəti aşağı olduğuna görə çobanlara minimum əmək haqqı verirlər. Bu səbəbdən də qeyd edilən sahəyə maraq yoxdur"
Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bölgələrdə çobanlıqla məşğul olmaq istəyənlər çoxdur: "Sadəcə olaraq, bu gün fermerlərin imkanı o qədər zəifdir ki, çobanlara layiqli məvacib ödəyə bilmir. Bu sahədə əmək haqqı olduqca aşağıdır. Çobanlıq gəlirsiz, az gəlirli sahə hesab olunur. Fermerin mənfəəti aşağı olduğuna görə, çobanlara minimum əmək haqqı verirlər. Bu səbəbdən də qeyd edilən sahəyə maraq yoxdur. Onu da deyim ki, son zamanlar bölgələrdə heyvanlara baxan şəxslər əmək fəaliyyəti ilə tam məşğul ola bilməyənlərdir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, çobanlıq sıradan bir peşə deyil. Belə ki, bu sahənin özünəməxsus qaydaları var. Bu qaydaları da peşəkar çobanlar bilir. Onlar da minimum əmək haqqına çalışmaq istəmir: " Vaxtilə çoban peşəsi ilə məşğul olanlar bu gün Bakıda hörgü, bənna və digər işlərdə çalışır".
Günel CƏLİLOVA