01/10/2023 18:36
728 x 90

Bakıda qəzalı evlərin bərpası yenidən gündəmdə - Maliyyə naziri "ölü mövzunu diriltdi"…

Ramil Osmanlı: “İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə…”

img

“Azərbaycanda qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb”. Bunu maliyyə naziri Samir Şərifov cümə günü Milli Məclisdə keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında bildirib.

O qeyd edib ki, baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə keçirilib. Yaxın zamanlarda bu istiqamətdə əməli addımlar atılacaq.

Qeyd edək ki, son zamanlar qəzalı binalarla bağlı məsələ müzakirə olunur. Maraqlıdır, qəzalı binalarla bağlı məsələ həllini necə tapmalıdır? Mövcud mənzil balansında qəzalı binaların çəkisi nə qədərdir?

  • “Bəlkə də adı pilot layihə olmayacaq, amma prioritet ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin”

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hesab edir ki, söküntü işlərinə başlanılmazdan öncə ilk növbədə həmin tikililərin hansının qəzalı, hansının istismara yararlı olması müəyyənləşdiriləcək. Bundan sonra onların sökülməsi, utilizasiyası və digər istiqamətlərlə bağlı qərarlar qəbul olunur: “Bir müddət əvvəl pilot layihələr var idi. Sonradan həmin layihələr dayandırıldı, pilot layihələri başqa layihələr əvəz etdi. Hökumət yenidən həmin istiqamətə qayıtmaq barədə müəyyən müzakirələr aparır. Bəlkə də adı pilot layihə olmayacaq, amma prioritet ondan ibarətdir ki, Bakı şəhərində qısa müddətdə şəhərsalma tədbirləri sürətləndirilsin və köhnə yaşayış fondu yenilənsin. Bura “xruşşovka” binaları ilə yanaşı, 60-cı illərədək inşa olunmuş “italyan”, “Minsk”, “stalinka” layihələri və s. daxildir. Həmin layihələrin tədricən sökülüb sıradan çıxması, orada yaşayan insanların məskunlaşması məsələsi müzakirə obyektidir. Müzakirələrin gedişatı və nəticələri barədə məlumat veriləcək”.

R.Osmanlı onu da əlavə etdi ki, məsələnin tam həllini tapacağı vaxtla bağlı proqnoz vermək çətindir: “Bizim təklifimiz ondan ibarətdir ki, bu istiqamətdə fəaliyyət göstərən tikinti şirkətlərinə, yerli investorlara müəyyən imtiyazlar verilsin. İşlərin daha sürətli şəkildə həyata keçirilməsinin təmin olunması məqsədilə, hətta lazım olarsa, bu investisiya proqramına qoşulan tikinti şirkətlərinə müəyyən vergi və digər güzəştlər tətbiq etmək olar. Xarici investorların çox olması ölkəyə pul axınını artıra bilər, tikinti sektorunda rəqabətin güclənməsinə, şəhərsalma tədbirlərinin sürətlənməsinə gətirib çıxara bilər, məşğulluğun artmasına töhfə verə bilər. Eyni zamanda bazarda qiymətin optimallaşmasına gətirib çıxara bilər”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər