Sadıq Qarayevin “Sarvansız zamanlar” adlı kitabı işıq üzü görüb

“Sarvansız zamanlar” Sadıq Qarayevin üçüncü əsəridir. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv janrda yazılmış iri həcmli romanlar olub.
“Sarvansız zamanlar” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer alır. I fəsildə hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu baxımından yeniliklər yarada bilib. Müəllifin “Bir yazı yazmaq istəyirəm”, “Mövcudluq şükranlığı” esseləri poeziyanın nəsrlə vəhdətinin nümunəsidir.
II fəsil müəllifin müxtəlif elmi, fəlsəfi və ictimai düşüncələri bədii təxəyüllə təsvir edən yazıları, III fəsildə sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer alır.
IV fəsildə Sadıq Qarayevin müsahibələri və publisist məqalələri yer alıb, “44 gün” adlanan V fəsil isə Qarabağda tarixi qələbəmizə həsr edilib. Buradakı “And”, “Aləmlərin söhbəti”, “Zoriyə gecikmiş məktub” yazıları üslub, məna və milli dəyərlər baxımından tariximizə, bu günümüzə və qələbəmizə, bayrağımıza, vahid azərbaycançılıq məfkurəsi nöqtəsindən mənalı və əhəmiyyətlidir. VI fəsildə müəllifin müxtəlif vaxtlarda yazdığı şeirlər yer alıb.
Sadıq Qarayevin “Sarvansız zamanlar” kitabında oxuculara təqdim olunan elmi və bədii əsərləri nəticə etibarilə ölkəmizdə xalqımızın müstəqillik dövrünün çətinliklərindən, müharibə sınaqlarından uğurla çıxa bilməsinin əsas səbəbinin gənc dövlətimizin qüdrətli və uzaqgörən sükançılarının olması ilə əlaqələndirilir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Qeyd edək ki, kitaba akademik İsa Həbbibəyli ön söz, professor İsmayıl Kazımov rəy yazıb.
Ülviyyə NAĞIYEVA