İnkişaf parametrlərinə görə Azərbaycan və Ermənistan arasında hər gün getdikcə artan fərq Dağlıq Qarabağ münaqişəsinin gedişinə indi daha əhəmiyyətli şəkildə təsir göstərməkdədir. Belə ki, kifayət qədər güclənən Azərbaycanın qarşısında artıq Ermənistan müqavimət göstərə bilmir. Eyni zamanda, xarici himayədarlarının da İrəvandan üz döndərməsi Ermənistanı daha çıxılmaz vəziyyətə salır. Belə vəziyyətdə Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi mümkünsüzləşir və artıq gələn il ərzində konfliktin həllində müəyyən yeniliklər də gözlənir.
Qeyd edək ki, Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Öncə Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi təcrid siyasətinə diqqət çəkən Prezident vurğulayıb: “Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir“.
İndi işğalçı ölkənin yeni hakimiyyəti də aydın görür ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Ermənistanın heç bir problemini köklü şəkildə həll etmək mümkün deyil. Məhz bu fonda indi Ermənistan cəmiyyəti Nikol Paşinyandan ilk növbədə Ermənistanı təcrid vəziyyətindən çıxarmağı, sosial problemlərin həllini tələb edir və Paşinyan Robert Köçəryan, Serj Sarkisyan siyasətini davam etdirəcəksə, düşmən ölkədə irəliyə doğru heç bir irəliləyiş əldə edilməyəcək. Vəziyyətin ağırlığı Ermənistanda da dərk edilir. Məsələn, erməni ekspert Aram Manukyan vurğulayır ki, Ermənistan bütün regional layihələrdən təcrid edilib və getdikcə daha ağır vəziyyətə düşür: “Neft, qaz, dəmir yolu layihələri Ermənistandan artıq ötüb keçib. Bu bizim əvvəlki hakimiyyətin ağılsız, məsuliyyətsiz və təbii ki, gələcəyi olmayan siyasətinin nəticəsidir. O hakimiyyət nəinki bugünümüzü, gələcəyimizi belə təmin edə bilmədi. Yəqin ki, yeni iqtidar bu səhvlərdən lazımi nəticələr çıxara biləcək”.
Elə Azərbaycan da ümid edir ki, Ermənistanın yeni iqtidarı özündən əvvəlkilərin səhvini təkrar etməyəcək. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev qeyd edir: “Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycanla münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir…
Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir… Yəni həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək üçün tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq”. Beləliklə, Azərbaycan məsələni kifayət qədər aydın qoyur və gələn il ərzində indiki şərtlər daxilində konfliktin həlli istiqamətində müəyyən yeniliklərin olması da tamamilə gözlənilən sayılır. Bunu xarici işlər naziri Elmar Məmmədyarov da istisna etmir. O, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib: “Rəsmi Bakı 2019-cu ildə İrəvandan Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını gözləyir. Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq”. Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əldə olunmuş irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla bütün regionda, ilk növbədə isə Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Elmar Məmmədyarov onu da bəyan edib ki, Bakı Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etməyə və onlara yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır: “Ölkəmiz, digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”. Beləliklə, verilən bu rəsmi açıqlamalardan aydın olur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq addımlar atmağa hazırdır və indi müvafiq gedişi Ermənistan etməlidir. Artıq iddialar səslənir ki, parlament seçkilərini istədiyi nəticə ilə başa vuran Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı məsələlərdə seçkiqabağı kampaniyalarda söylədiyi fikirlərdən fərqli mövqe ortaya qoyacağı ehtimalı böyükdür. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Respublika Partiyasının üzvü David Şahnazaryan bu günlərdə bildirmişdi ki, Paşinyanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni proqramı var və bu, Ermənistanın xeyrinə deyil. Şahnazaryan Paşinyanın hakimiyyət naminə Dağlıq Qarabağı Azərbaycana verəcəyini də iddia edib. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyətin yaranmasını rusiyalı politoloq Sergey Markov da təsdiq edir. O, diqqəti ilk növbədə buna yönəldir ki, Paşinyan Sarksiyanın taleyini yaşamaq istəmir. Markovun sözlərinə görə, Paşinyan Ermənistanın təcrid siyasəti üzündən əhalinin
hansı böyük problemlərlə yaşadığını, bu səbəbdən Sarkisyan hakimiyyətinə böyük nifrətin yarandığını aydın görür. Markov, həmçinin, Paşinyanın xalqın dəstəyindən yararlanaraq ölkəni təcrid vəziyyətindən xilas etmək və Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün müəyyən gedişlər edə biləcəyini iddia edib.
Çox maraqlıdır ki, Ermənistana hələ də təsir imkanlarını saxlayan Rusiyada da rəsmi səviyyədə gələn il ərzində Qarabağ münaqişəsinin həllində müəyyən dönüşlərin olacağı bildirilir. Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu xüsusda qeyd edir: "Gələn il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha əlverişli ab-havanın yaradılacağına dair ehtiyatlı nikbinlik duyuram. Bunun üçün əsaslar bu il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi ilə qoyulub. Bilirəm ki, yanvar ayına növbəti görüş planlaşdırılıb. Rusiya bu tendensiyanı alqışlayır və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi bu cür görüşləri dəstəkləməyə davam edəcək". Daha bir maraqlı məqam da Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın bu günlərdə verdiyi açıqlamalardır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “kreativ ideyalar” üzərində iş gedir və bu ideyalar münaqişənin nizamlanması üçün əsas ola bilər. Zaxarov vurğulayıb ki, hazırda ekspertlər Qarabağ nizamlanmasına dair kreativ ideyalar işləyib hazırlayır: “Məsələ bax belədir, gələcək barədə danışsaq, həmin ideyalar işlənib hazırlanmalıdır və onlar kreativ olmalıdır. Məhz bu cür işlənib hazırlanmış kreativ ideyalar dəstəklənəcək”. Bütün bu açıqlamalar artıq münaiqişə ilə bağlı müəyyən nikbinlik yaradır və bu qədər rəsmi açıqlamaların əbəs verilmədiyi də dəqiqdir. Burada nəzərə alaq ki, Rusiya da artıq Qarabağ məsələsinin həllinə ciddi diqqət ayırır və bu səbəbdən şimal qonşumuzdan münaqişə ilə bağlı indi daha nikbin bəyanatlar eşitmək olar. Elə ekspertlərə görə də, gələn il ərzində İrəvanın Qarabağ məsələsində mövqeyindən geri çəkilməsini şərtləndirən məqamlardan biri də məhz Rusiya faktorudur. Kreml artıq Qərbyönlü siyasi kursundan əl çəkmək niyyətində olmayan Ermənistana Qarabağ münaqişəsi vasitəsilə də təzyiq göstərməyə çalışır. Məhz bu şəraitdə Ermənistanın, nəhayət ki, Qarabağ məsələsinin həllində real addımlar atması, işğal siyasətinə tədricən son qoyması qaçılmaz sayılır. Hər halda, proseslərin dəqiq gedişi və nəticələrin nədən ibarət olacağı gələn il ərzində bəlli olunacaq. Lakin verilən yüksək səviyyəli rəsmi açıqlamalar artıq müəyyən nikbinliyə ciddi əsaslar yaradır. Elə bu fonda da gələn il ərzində Qarabağ münaqişəsinin həllinin tapılmasını proqnozlaşdıran ekspertlərin də sayı artır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.