Elşən Əliyev: “Türkiyə, Azərbaycan və Rusiya bu layihələrin bəhrəsini hər zaman görəcəklər”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Rossiya 24" telekanalına müsahibəsində dünyanın enerji xəritəsində artıq Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatının yarandığını bildirib: “Bu format həm ikitərəfli, həm də üçtərəfli planda çox böyük perspektivlərə malikdir. Neft və qaz kəmərlərinin tikintisi planı baxımından enerji layihələrimizi hələ 2000-ci illərin əvvəllərində həyata keçirməyə başlamışıq. Dünya bazarlarına çıxmaq üçün infrastruktur yaratmaq lazım idi, çünki bizim açıq okeana çıxışımız yoxdur".
İlham Əliyev qeyd edib ki, Rusiya bir müddət əvvəl bu istiqamətdə addımlar atıb: "Uzun illər öncə "Mavi axın" layihəsinin reallaşdırıldığını xatırlayırıq. Həmin layihə indi bir qədər unudulub, lakin bu da Qara dənizin dibi ilə Rusiyadan Türkiyəyə qaz kəməri tikintisi layihəsidir. Yəni prinsip etibarilə bu il "Türk axını"nın dəniz mərhələsinin açılışı yeni bir şey deyil. Sadəcə, Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli qarşılıqlı siyasi əməkdaşlıq bu layihəni həyata keçirməyə və ya reallaşdırmağı sürətləndirməyə imkan verdi".
Prezidentin sözlərinə görə, bu səbəbdən Azərbaycan Rusiya və Türkiyənin dostu olaraq bu layihəni alqışladı: "Biz bu layihənin açılış mərasimində yüksək hökumət səviyyəsində iştirak etdik".
"Cənub Qaz Dəhlizi"nə gəlincə, İlham Əliyev deyib ki, bu layihə rəsmi olaraq may ayında işə salınıb: "Bu layihə dörd mühüm müstəqil layihəni birləşdirir - "Şahdəniz" iri qaz-kondensat yatağının işlənməsi və inteqrasiya olunmuş üç qaz borusunun tikintisi. Bu günədək bu dörd layihənin 3 seqmenti artıq icra olunub".
Dövlət başçısı deyib ki, may ayında "Cənub Qaz Dəhlizi"nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin rəsmi açılışı oldu: "Beləliklə, biz Türkiyə bazarına, daha sonra Avropa bazarına böyük həcmdə qaz nəql edəcəyik. Bu, həmçinin, bizim siyasətimizin davamıdır, çünki 2007-ci ildə Bakıdan Türkiyənin Ərzurum şəhərinə qaz kəmərinın açılışını etdik və biz Türkiyə bazarına qaz ixracatçısı olduq".
Prezident qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycana Türkiyə bazarına qaz ixracını təxminən iki dəfə artırmağa və Türkiyə ilə qonşu ölkələrin bazarlarına, daha sonra Qərbi Avropaya çıxmağa imkan verəcək: "Bu bizə böyük qaz potensialımızı reallaşdırmağa imkan verəcək və büdcəyə milyardlarla dollar vəsait gətirəcək. Bu, artıq minlərlə, bəlkə də on minlərlə iş yerləri yaradıb. Əlbəttə ki, bu, Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır. Bu istiqamətdə Azərbaycan, Rusiya və Türkiyənin birgə səyləri bizə nəinki planlarımızı tam şəkildə həyata keçirməyə və maraqlarımızı təmin etməyə imkan verəcək, eləcə də enerji ehtiyatlarımızın inkişafı və nəqli planında mükəmməl proqnozlaşdırılan siyasətə malik olmağa imkan verəcək".
Göründüyü kimi, İlham Əliyev dünyanın enerji xəritəsində Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatının yarandığını ətraflı şəkildə izah edib. Enerji sahəsindəki bu əməkdaşlıq formatı gələcək üçün nələri vəd edir?
İqtisadçı Elşən Əliyev qəzetimizə bildirdi ki, ölkə başçısı üç ölkənin enerji sahəsindəki əməkdaşlığının mövcud konturlarını ətraflı şəkildə izah edib: “Bilirsiniz ki, enerji ehtiyatlarına malik olmaq hər məsələni həll etmir. Həmin ehtiyatların realizə olunması üçün bazarın tapılması və sözügedən təbii ehtiyatları razılaşmanın əldə olunduğu bazara çatdırılmasına nail olmaq lazımdır. Bunun üçün tranzit ölkələrdən istifadə olunur. Tranzit ölkə seçmək də asan məsələ deyil. Burada yalnız ölkənin həmin marşrutun yolunun üstündə olması kifayətedici faktor sayılmır. Çünki tranzit rolunu oynayacaq ölkə ilə enerji daşıyıcılarına malik olan ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişafı qənaətbəxş və zəmanətli olmalıdır. Azərbaycan və Rusiya enerji ehtiyatlarına malik olan ölkələrdir. Hər iki ölkənin həmin imkanların realizə olunması üçün Türkiyə ilə əməkdaşlıq etdiyi ortadadır. Türkiyənin özünün enerji daşıyıcılarına ciddi tələbatı var. Bundan əlavə, həmin ölkə Azərbaycan və Rusiya məhsulunu dünya bazarına çıxarmaq üçün ideal tranzit ölkə sayılır. Prezidentin də qeyd etdiyi kimi, həm Azərbaycan, həm də Rusiyanın ən iri enerji layihələrində Türkiyə ilə əməkdaşlıq mövcuddur. “Türk axını”, TANAP kimi layihələri bu xüsusda qeyd edə bilərik. Enerji sahəsindəki əməkdaşlıqda yaranan bu üçbucaq Avropanın enerji təminatında da mühüm amilə çevrilib. Çünki Avropanın bu layihələrə ciddi ehtiyacı var və bunu gizlətmirlər. Dünya xəritəsində cızılan bu enerji əməkdaşlığı hər üç ölkə arasındakı siyasi əlaqələrin keyfiyyəti və səviyyəsinə tam uyğundur. Bilirsiniz ki, Azərbaycan Türkiyədə, eyni zamanda, enerji sahəsindəki emaledici istiqamətə də külli miqdarda valyuta yatırıb, orada birgə müəssisələr açıb. Üç ölkənin bu sahədəki əməkdaşlığı həm də çoxlu sayda iş yerinin açılmasına rəvac verir. Ən əsası isə bu əməkdaşlıq hər üç ölkənin iqtisadiyyatının inkişafı üçün böyük rola malikdir. Ölkələr arsında aparılan müzakirələrdən aydın hiss edilir ki, enerji sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi nəzərdə tutulur”.
İqtisadçının sözlərinə görə, sözügedən əməkdaşlıq Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır: “Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi və Rusiya ilə Türkiyənin birgə ideyası olan “Türk axını” tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulub. Birgə maliyyə resursları təşkil edilib və bu nəhəng transmilli layihələr uğurla icra edilib. Qeyd edək ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir ki, ancaq birgə səylərlə buna nail olunub. Türkiyə, Azərbaycan və Rusiya bu layihələrin bəhrəsini hər zaman görəcəklər”.
Məhəmmədəli QƏRİBLİ