Məhərrəm Zülfüqarlı: “İstənilən halda, özəl sektorun bu işə qoşulması müsbət haldır”
“Bu il köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır”.
Bu fikirləri Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bu il “Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi: “Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.
Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər”.
O da məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlar qəzalı vəziyyətdə olan binalarda, çadır şəhərciklərində, fin evlərində, yataqxanalarda ağır şəraitdə yaşayırdılar. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində sözügedən problem əsaslı şəkildə öz həllini tapır. Ancaq bu işdə özəl sektorun da fəal iştirakı qaçqın və məcburi köçkünlərin mənzil probleminin həllini bir az da sürətləndirə bilər. O üzdən, imkanlı şəxslərin bu işdə fəal iştirakını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, ölkə başçısının bununla bağlı səsləndirdiyi fikirlər tamamilə məntiqlidir: “Məsələ ondadır ki, iri biznes subyektlərinin bu işə qoşulması ancaq ümumi işin xeyrinə olar. Düzdür, artıq özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlayıb və bu çox müsbət haldır. Ancaq yaxşı olardı ki, növbəti illərdə imkanlı şəxslərin bu işdə iştirakı daha geniş vüsət alsın. Azərbaycan zəngin ölkə olduğu üçün, burada imkanlı şəxslər çoxdur. Hesab edirəm ki, onların bu işdə fəal iştirakı qaçqın və məcburi köçkünlərin mənzil probleminin həllini daha da sürətləndirə bilər. Ona görə də yaxşı olardı ki, iş adamları bununla bağlı imkanlarını əsirgəməsinlər. Mümkün olan qədər buna öz töhfələrini versinlər. Məsələn, podratçı şirkət qismində çıxış edən şirkətlər məcburi köçkünlər üçün mənzil tikərkən xərclərin bir hissəsini öz üzərlərinə götürə bilərlər. Deməyim odur ki, müxtəlif vasitələrlə ümumi işə fayda vermək mümkündür. Əsas odur ki, onlarda bu istək olsun. Yaxud da müəyyən biznes subyektləri arasında sözügedən məsələdə bölgü də aparmaq olar. Məsələn, yaşayış binasının tikintisi üçün nəzərdə tutulan materialların alınmasını imkanlı şəxslər öz aralarında bölə bilərlər. İstənilən halda, özəl sektorun bu işə qoşulması müsbət haldır”.
Vidadi ORDAHALLI