Yeganə Hacıyeva: “Ermənistanın 2019-cu ildə konstruktiv olmaqdan başqa əlacı qalmır”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev öz doğum günündə məcburi köçkünlər üçün inşa olunan binaların açılış mərasimində iştirak edib. Prezident Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı deyib ki, işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda şəhərlər, kəndlər yenidən qurulacaq.
Prezident daha sonra qeyd edib ki, üzümüzə gələn ildə Dağlıq Qarabağ münaqişəsinin həllinə ümidlər böyükdür: "Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mənim bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir".
Qeyd edək ki, 2019-u ilin münaqişənin həlli prosesində həlledici olacağını Rusiyanın ölkəmizdəki səfiri də xüsusi olaraq qeyd edib. Göründüyü kimi, üzümüzə gələn ildə münaqişənin həllinə böyük ümidlər bəslənir. 2019-cu ilin bu sahədə həlledici olacağını hansı faktorlarla əsaslandırmaq olar?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bunu şərtləndirən bir çox amil var: “Bilirsiniz ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyil. Münaqişənin sülh yolu ilə həlli baxımından kifayət qədər addımlar atılıb və onlar uzun illərdir səmərə vermir. Azərbaycanın səbr kasası tam dolub. Biz münaqişənin həllini həm beynəlxalq ictimaiyyətdən, həm də Ermənistandan qəti şəkildə tələb edirik. Bundan əlavə, yola saldığımız ildə Dağlıq Qarabağ probleminin həlli ilə bağı beynəlxalq təşkilatlar səviyyəsində mühüm qərarlar qəbul olunub. Avropa Birliyi, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı sənədlər qəbul ediblər. Bundan əlavə, Ermənistanda tamamilə yeni hakimiyyət formalaşıb. Özündən əvvəlki hərbi xuntanın səhvlərini sərt tənqid edən və özünü nisbətən demokratik göstərməyə çalışan Paşinyan da dəfələrlə müharibəyə qarşı olduğunu bəyan edir. Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yaxın vaxtlarda qarşılıqlı anlaşma əldə etmək üçün imkanların ortaya çıxmasını bildirməsi tərəflərin bir daha kəskin addımlar atmaq niyyətində olmadıqlarını göstərir. Artıq beynəlxalq ictimaiyyət də Ermənistandan konkret addımlar gözləyir. Biz bunu bir sıra ölkə başçılarının səsləndirdiyi bəyantlarda açıq görürük. Bu baxımdan da Ermənistanın 2019-cu ildə konstruktiv olmaqdan başqa əlacı qalmır. Onlar son illərdə Azərbaycanın hərbi gücünü və döyüş əzmini yaxşı gördülər. “Aprel döyüşləri” və Naxçıvandakı “Günnüt əməliyyatı” buna sübutdur. Ölkə başçısının bu tarixi əminliklə söyləməsi optimist olmaq üçün tam əsas vermiş olur”.
Məhəmmədəli QƏRİBLİ