Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin sərhədə gətirilməsi cəhdlərindən əl çəkmir. Hər vasitə ilə, yeri gəldi-gəlmədi, bu məsələni qaldırır.
Bu arada Rusiya XİN-in Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib ki, KTMT Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır. Onun sözlərinə görə, təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzrə əsaslı işlərin, müttəfiqə kömək üçün digər birgə tədbirlərin həyata keçirilməsinin bərpasını gözləyir. Ağasandyanın fikrincə, Rusiya əmindir ki, müvafiq qərarların qəbulu regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcək. Qərb dövlətləri isə Rusiyaya və bu ölkənin Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün onun ən yaxın müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar.
“Həmin qüvvələrin sərhədə gəlməsinə razılıq verilsə, bu, Avropa İttifaqında xoş qarşılanmayacaq”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən hərbi ekspert Azad İsazadənin fikrincə, Rusiyanın KTMT qüvvələri ilə bağlı belə israr etməsi geosiyasi amillərlə bağlıdır: “Məsələ ondadır ki, Rusiya Cənubi Qafqazı tərk etmək istəmir. Bölgədə hansı formada və necə qalmağın yollarını axtarır. Nəzərə almaq lazımdır ki, Ərdoğan NATO sammitində Rusiya sülhməramlıları məsələsinə toxundu. Qeyd etdi ki, sülhməramlıların 2025-ci ildə regionu tərk edəcəyinə inanır. Ərdoğanın o cür mötəbər tədbirdə bunu gündəmə gətirməsi təsadüfi deyildi. Bu, verilən bir mesaj idi. Ərdoğan NATO sammitində heç kəsin gözləmədiyi halda bu məsələni qaldırdı. Sözsüz ki, Ərdoğanın bu yanaşması Rusiyanın xoşuna gəlmədi. Çünki Rusiya həm hansısa formada Qarabağda qalmaq istəyir, həm də KTMT qüvvələrini Azərbaycan-Ermənistan sərhədinə yeritmək istəyir. Adı KTMT qüvvələri olsa da, əslində onlar Rusiya qüvvələri olub Kremlin maraqlarından çıxış edəcəklər. Ermənistan isə həmin qüvvələrin sərhədə gəlməsində maraqlı deyil. Ona görə ki, Ermənistanın özü KTMT-dən çıxmaq istəyir və bununla bağlı yollar axtarır. KTMT təlimlərinə qoşulmir, bu təlimlərə ev sahibliyi etmir. Sadəcə, Rusiyanın təzyiqləri güclü olduğu üçün bunu edə bilmir. Rusiya istəyir ki, KTMT qüvvələrini sərhədə gətirməklə Ermənistanı özündən daha çox asılı duruma salsın. Ancaq Ermənistan bunun fərqində olduğu üçün yayınır. Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan sərhədində Avropa İttifaqının mülki monitorinq missiyası fəaliyyət göstərir. Adı mülki missiya olsa da, tərkibi həbçilərdən və kəşfiyyatçılardan ibarətdir. KTMT missiyası ilə Aİ missiyasının sərhəddə olması alınmır. Çünki bunlar rəqib qüvvələrdir. Başqa bir tərəfdən, KTMT qüvvələrinin sərhədə gəlməsinə razılıq verilsə, bu, Avropa İttifaqında xoş qarşılanmayacaq. Görünür, Paşinyan hakimiyyəti bundan da ehtiyat etdiyi üçün buna razı olmur”.
Vidadi ORDAHALLI