İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sualına cavabında bildirib.
XİN rəsmisi qeyd edib ki, eyni zamanda müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Maraqlıdır, nəyə görə İran tərəfi Fərid Səfərliyə qarşı irəli sürülən ittihamı dəyişib?
Əliməmməd Nuriyev: "İran dövlət orqanları tərəfindən qəbul olunan qərarlar nə hüquqi, nə dini, nə də insanı baxımdan düzgündür"
"Konstitusiya' Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Fərid Səfərliyə qarşı irəli sürülən ittihamın heç bir əsası yoxdur: "Sadəcə olaraq, İran tərəfi siyası münasibətləri əsas tutaraq ora gedən vətəndaşlarımıza bu cür qondarma ittihamlar irəli sürür. İran tərəfi öncə Fəridi casusluq etmək ittihamı ilə həbs etmişdi. Ancaq indi isə ittihamı"casusluq etmək niyyəti" ilə əvəz ediblər. Bu dəyişiklik ölkələrarasi mülayimləşmə ilə bağlıdır. Bu fakt bir daha sübut edir ki, İran tərəfinin vətəndaşımıza qarşı irəli sürdüyü ittiham əsassızdır. Məlumdur ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən çoxlu sayda İranın casusları aşkar olunaraq məsuliyyətə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları peşəkar şəkildə həmin casusları aşkar etdi. Yetərli qədər əsaslı sübut olduğu üçün həmin şəxslər həbs edildilər. Bununla bağlı İran tərəfinin deyə biləcəyi bir söz yox idi. Ancaq İran tərəfinin vətəndaşlarımızla bağlı irəli sürdüyü ittihamlar əsassızdır".
Ə.Nuriyev təəssüf hissilə bildirdi ki, İran İslam Respublikasında hüquqa söykənən qərarlar qəbul edilmir. Dövlət orqanları tərəfindən qəbul olunan qərarlar nə hüquqi, nə dini, nə də insanı baxımdan düzgündür.
Mətin Məmmədli: "İki ölkə arasında əlaqələrin dəyişməsi Fəridin ittihamının dəyişməsinə səbəb olub"
Siyasi şərhçi Mətin Məmmədli "Bakı-Xəbər" ə açıqlamasında qeyd etdi ki, Fərid Səfərli ilə bağlı ittihamın dəyişməsi iki ölkə arasında münasibətin yumşalması ilə bağlıdır: "Məlumdur ki, İranın xarici işlər naziri bu yaxınlarda ölkəmizdə oldu, prezident İlham Əliyevlə görüşdü. Görüş zamanı ölkəmizlə dostluq, tərəfdaşlıq etməyin vacibliyini bildirmişdi. Bu yaxınlarda İranda həbs olunan Azərbaycan xanımı azad olunaraq ölkəmizə təhvil verilib. İki ölkə arasında əlaqələrin dəyişməsi Fəridin ittihamının dəyişməsinə səbəb olub".
Günel CƏLİLOVA