Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi. O bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir.
Bunu Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.
“Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişinyovda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, - deyə Prezident İlham Əliyev bildirib.
“Sülhdən sonra qurum həm Ermənistana, həm də Azərbaycana böyük həcmdə maliyyə yardımı göstərəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, Avroittifaqın ədalətli vasitəçi olmasına olan ümidlər bir sıra faktorlarla bağlıdır: “Başlıca amil onunla bağlıdır ki, Avropa İttifaqı regionda sabitlikdə maraqlıdır. Qurum istəyir ki, bölgə ölkələri dayanıqlı şəkildə inkişaf etsinlər. Çünki sabitlik olmadan dayanıqlı, stabil inkişaf mümkün deyil. Sabitlik olmadan xarici sərmayədarların etimadını qazanmaq, yeni-yeni qlobal əhəmiyyətli logistik layihələri həyata keçirmək çətin məsələdir. Aİ çalışır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması tezləşsin. Çünki sülh sazişi nə qədər tez imzalansa, bu bir o qədər Azərbaycan və Ermənistan üçün yeni imkanlar deməkdir. Sülhdən sonra Aİ həm Ermənistana, həm də Azərbaycana böyük həcmdə maliyyə yardımı göstərəcək. Təsadüfi deyil ki, 2021-ci ildən Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlar daha konstruktivdir. Hiss olunur ki, qurum beynəlxalq hüquqa uyğun olaraq məsələlərin həllində maraqlıdır. Ancaq Avroittifaqdan fərqli olaraq, Rusiya vasitəçilik etsə də, sülhdə maraqlı deyil. Bunu hamı bilir. Rusiya sülhdə ona görə maraqlı deyil ki, hər iki ölkəni öz təsir dairəsiində saxlamağa çalışır. Bax, əsas fərq bundadır. Ona görə də bizim üçün sərfəli variant Avropa İttifaqının vasitəçiliyidir”.
Vidadi ORDAHALLI