"Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik". Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.
Prezident Əliyev müsahibəsində bunları qeyd edib: "Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır".
İ.Əliyev bildirib ki, uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdı ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, Bakıya çatacaqlar: "Müharibə bu hekayələri məhv etdi".
"Azərbaycan sülh istəyir, mövqeyimiz prinsipial və qətiyyətlidir, bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə qəbul etməlidir"
Prezident İlham Əliyevin məlum fikirləri ilə bağlı şərh verən millət vəkili Aydın Hüseynov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin “Euronews” kanalına müsahibəsində səsləndirdiyi fikirlər Ermənistana ciddi xəbərdarlıqdır. Növbəti mesaj da çox konkret idi. Azərbaycan 44 günlük müharibədən dərs çıxarmayanlara yenidən dərs verməyə hazırdır: "Biz ləyaqətli müharibə apardıq və hərbi cinayətə yol vermədik. Azərbaycan sülh istəyir, mövqeyimiz prinsipial və qətiyyətlidir. Bunu həm Ermənistan, həm də Ermənistanın havadarları ciddi şəkildə qəbul etməlidir. Təəssüf ki, bu gün Ermənistan öz havadarlarına arxayın olaraq yenə də təxribatlar törətməyə çalışır. Ermənistan sülh prosesini də uzadacaqsa, elə uduzan tərəf özü olacaq. Çünki başqa çıxış yolları yoxdur. Buna məcburdurlar. Əksinə olacaq bütün hallar onların ziyanınadır. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər mütləq Azərbaycanla hesablaşmalı olduqlarını başa düşürlər.
Erməni liderlərinin illərdir aldadıcı ifadələri, yalan vədləri, boş, mənasız, həm də əsassız ifadələri daha çox elə ermənilərin özlərinə tanışdır. Populist çıxışların arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Çünki ermənilər hər dəfə verilən vədlərin populizmdən, saxtalıqdan, yalandan, avantüradan başqa bir şey olmadığını görür, xəyal qırıqlığına uğrayırlar. Regionda real sülhün yaranması, ölkəsini, eləcə də xalqını üzləşə biləcəkləri fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir. Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq".
Günel CƏLİLOVA