“Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”. Bunu Prezident İlham Əliyev “Euronews” telekanalına müsahbəsində deyib.
Ölkə başçısının sözlərinə görə, biz Rusiyanın regionda qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik: “Ümumilikdə region haqqında demək mənim üçün çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir. Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.
Maraqlıdır, Rusiya ilə münasibətlərin tənzimlənməsi Ermənistana hansı mesajları verir?
“Münasibətlərin yaxşı olması Qarabağ məsələsinin birdəfəlik həllinə, Zəngəzur dəhlizinin açılmasına təkan verəcək”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı buna bir neçə prizmadan yanaşdı: “Rusiya-Azərbaycan münasibətləri barədə birmənalı şəkildə danışmaq çətindir. Çünki Rusiyanın tarixinə baxsaq görərik ki, bu ölkə qonşularla daim problemli olub. Yəni ortada münaqişələr, işğallarla dolu bir tarix var. Məsələn, ən yaxın tariximiz olan cumhuriyyət dövrünü götürsək görərik ki, Rusiya bərabərhüquqlu münasibətlərin qurulmasına imkan verməyib. Nəticədə bolşevik Rusiyası 28 aprel 1920-ci ildə Azərbaycanı işğal edib. Qaldı ki, 1991-ci ilin 18 oktyabrından dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrə, Rusiya-Azərbaycan münasibətlərində yenə də problemlər qalırdı. Çünki Qarabağ problemini yaradan yenə də Rusiya idi. Əvvəlki illərdə olduğu kimi, erməni kartından istifadə edərək bunu yaratmışdı. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Rusiya münasibətlərində, demək olar ki, dönüş yarandı. Yəni artıq qardaş Türkiyənin təsiri ilə Azərbaycanın regionda daha da güclənməsi və Rusiya-Ukrayna müharibəsinin təsiri regionda yeni vəziyyət yaratdı. Bu, Rusiya ilə Azərbaycan arasında bərabər səviyyəli münasibətlərin inkişafına kömək etdi. Əgər Rusiya qısa vaxt ərzində Ukraynanı ələ keçirsəydi, o zaman münasibətlər tamam başqa müstəvidə ola bilərdi. Bu zaman Rusiyada imperiyapərəst siyasət daha da güclənə bilərdi. Rusiyanın Ukraynaya hücumunda məqsəd keçmiş SSRİ-ni bərpa etmək idi. Ancaq indiki vəziyyətdə həm Azərbaycanın güclü dövlət olması, həm qardaş Türkiyənin Azərbaycanla Şuşa Bəyannaməsi imzalaması artıq yeni bir dövrün başlanğıcı deməkdir. Bu da Azərbaycan-Rusiya münasibətlərinin bərabərsəviyyəli münasibətlərə gəlib çatmasına kömək edir. Azərbaycanla Rusiya arasında mədəni münasibətlər hər zaman olub. Ticarət-iqtisadi əlaqələr daim inkişaf etdirilib. Hazırkı dövrdə Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Azərbaycan buna qoşulmayıb. Bu da indiki bərabərsəviyyəli münasibətlərin daha da inkişafına kömək edir. Prezidentin çıxışında səslənən fikirlər də məhz müasir dövrdəki münasibətlərə söykənir. Çalışmaq lazımdır ki, bu münasibətlər daha da inkişaf etsin. Rusiya-Azərbaycan münasibətlərinin yolunda olması Ermənistanı narahat edir. Çünki bu, qarşı tərəfə öz mənfur planlarını həyata keçirməyə imkan vermir. Münasibətlərin yaxşı olması Qarabağ məsələsinin birdəfəlik həllinə, Zəngəzur dəhlizinin açılmasına təkan verəcək. Nəticə etibarı ilə bütün bunlar Qafqazda sülhün bərpa olunmasına töhfə verə bilər”.
Vidadi ORDAHALLI