ABŞ-ın ATƏT-dəki səfiri də Azərbaycana yanaşmada ikili beynəlxalq standart qüvvələrin təsirinə düşdü...

ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT-in Daimi Şurasına müraciətində Azərbaycanda repressiya məsələsini qaldırıb. Onun fikrincə, bəzi ATƏT ölkələrində ifadə azadlığı hücumlara məruz qalır. Saxta xəbərlər haqqında qanunlardan isə vətəndaş cəmiyyəti nümayəndələrini, müxalifəti və ictimai əhəmiyyətli məsələlər üzrə fikir bildirmək istəyənləri susdurmaq üçün istifadə olunur.
Səfir müraciətində əsassız olaraq iddia edir ki, Azərbaycan hakimiyyəti jurnalistləri, müxalifət xadimlərini və fəalları, o cümlədən, hökumətin COVID-19-a reaksiyasını tənqid edənləri həbs edib: “Azərbaycan hakimiyyəti, həmçinin, hökumətdən daha çox şəffaflıq tələb edən və ya sadəcə, öz ifadə azadlığı hüququnu həyata keçirən şəxsləri qorxutmaq və cəzalandırmaq istəyir. Belə ki, bu həftə Azərbaycan QHT-ləri bildiriblər ki, hakimiyyət siyasi müxalifət üzvlərinə və digər şəxslərə qarşı yeni həbs dalğasına başlayıb, onları dövlət çevrilişinə cəhddə və karantin rejimini pozmaqda ittiham edir. QHT-lərin məlumatına görə, Azərbaycanda 100-dən artıq siyasi məhbus var”.
Görünən odur ki, ABŞ-ın ATƏT-dəki səfiri də müəyyən qüvvələrin təsiri altına düşüb. Azərbaycanda 100-dən artıq siyasi məhbusun olmasını təsdiqləyən fakt varmı? Hansısa qeydiyyatdan keçməyən radikal yönümlü QHT belə rəqəm uydurursa, bunu əsas götürmək nə dərəcədə doğrudur?
- “...deyilənlər tamamilə yalandır”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikrincə, ABŞ-ın ATƏT-dəki səfiri müəyyən qüvvələrin təsir dairəsinə düşərək qərəzli mövqedən çıxış edir: “Hesab edirəm ki, bu cür yanaşma Birləşmiş Ştatlara hörmət gətirmir. Müəyyən təşkilatlar, beynəlxalq qurumlarda təmsil olunan ayrı-ayrı şəxslər var ki, siyasi məhbus adından alver məqsədi üçün istifadə edirlər. Həmçinin, siyasi məhbus adı altında bir sıra ölkələrə təsir edirlər. Bu minvalla, öz çirkin və mənfur niyyətlərini reallaşdırmaq istəyirlər. Təəssüflər olsun ki, ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor da bu mövqedən çıxış edir. Bunlar anlamaq istəmirlər ki, pandemiyaya görə Azərbaycanda kimlərsə təqib olunmur, hansısa təzyiqə məruz qalmırlar. Guya buna görə insanların repressiyaya məruz qalması ilə bağlı deyilənlər tamamilə yalandır. Bununla belə, ölkədə, ümumiyyətlə, siyasi məhbus yoxdur. Siyasi məhbus məsələsi çoxdan həll edilib. Ölkədə törətdiyi cinayətə görə cəza çəkən məhbuslar var. Siyasi mənsubiyyətindən asılı olmayaraq, hamı üçün qanun bərabərdir. O baxımdan, Azərbaycanla bağlı səsləndirilən tənqidi fikirlər əsassızdır. Yaxşı olardı ki, həmin səfir ABŞ-da yaşanan ədalətsizliklərə münasibət bildirsin. Hansı ki, ABŞ-da irqi ayrıseçkilik hələ də var. Polislər dinc insanlara qarşı amansız rəftar edirlər”.
Ekspertin fikrincə, bütün hallarda, bu cür yanaşmalar obyektivlikdən uzaqdır.
Vidadi ORDAHALLI