20/10/2019 19:07
728 x 90

Vaqif Sultanlının “Səhra savaşı” romanı Böyük Britaniyada nəşr olunub

img

Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Böyük Britaniyada nəşr olunub. Bu barədə qəzetimizə məlumat verən V.Sultanlının bildirdiyinə görə, Londonun “Rossendale books”

nəşriyyatında işıq üzü görən kitabı ingilis dilinə Cavid Abbaslı çevirib. Roman yazıçı-tərcüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilib.

Qeyd edək ki, bu, müəllifin ingilis oxucularına təqdim olunan ilk kitabı deyil. Belə ki, son illərdə yazıçının roman, povest və hekayələr toplusundan ibarət ayrı-ayrı kitabları İngiltərə, Kanada, Amerika və Danimarkada nəşr olunub, habelə onun tərtibatında (Dr.İrəc İsmayılla birlikdə) «Müasir Azərbaycan nəsri» (2012, 2019) və «Müasir Azərbaycan qadın nəsri» antologiyaları (2014) 

ingilisdilli oxuculara təqdim edilib.

Şərti-metaforik üslubda qələmə alınmış “Səhra savaşı” romanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan verib.

Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin, forma-sənətkarlıq baxımından seçilən “Səhra savaşı” çağdaş dünyaya hakim olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü

ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir.

Kitabı amazon.com saytından sifariş yolu ilə əldə etmək olar. “Səhra savaşı” romanı Türkiyə və Rusiyada da nəşrə hazırlanır.

İradə SARIYEVA

Son xəbərlər