Tarixdə iz buraxanlar: Hüseyn Cavid

Görkəmli Azərbaycan şairi Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda ruhani ailəsində anadan olub. İbtidai təhsilini atasından, eləcə də dövrünün tanınan ziyalısı, böyük qardaşı Məhəmməd Rəsizadədən alıb, daha sonra Məhəmməd Tağı Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində oxuyub. Klassik üslubda ilk şeirlərini "Gülçin" və "Salik" imzaları ilə burada yazıb. Hüseyn Cavid 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirib. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib, əvvəl Naxçıvanda, sonra isə Bakıda müəllimlik edib.
Hüseyn Cavidin həyatında və dünyagörüşünün inkişafında İstanbul Universitetində keçən tələbəlik illəri mühüm mərhələ təşkil edir. Bu ali təhsil ocağında Türkiyənin tanınan alimlərindən dərs alan Hüseyn Cavid eyni zamanda Rza Tofiq, Tofiq Fikrət kimi görkəmli şairlərin əsərlərindən faydalanıb. Hələ 1903-cü ildən "Şərqi-Rus" qəzetində ara-sıra məqalələrlə çıxış edən Cavidin İstanbulda tələbə ikən "İrşad" qəzetində, "Növbə" və "Füyuzat" jurnallarında "Bir ahiməzlumanə" adlı şeirləri çap olunub. İstanbul Universitetini bitirdikdən sonra 1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşğul olan cavan ziyalı həyati müşahidələrini genişləndirib, bir sıra şeirlərini, "Ana" pyesini yazıb.
1911-ci ildə Tiflisə gedən Hüseyn Cavid 1917-ci ilə qədər burada yaşayıb, ədəbi-pedaqoji fəaliyyətini davam etdirib. Bu müddət ərzində o, "Maral," "Şeyx Sənan," "Şeyda" pyeslərini qələmə alıb, "Keçmiş günlər" adlı iki şeir kitabı Tiflisdəki "Şərq" mətbəəsində çapdan çıxıb. 1918-1919-cu illərdə Naxçıvandakı "Rüşdiyyə" məktəbində dərs deyib. 1918-ci ildə Mişkinaz xanımla ailə həyatı qurub. Ədib Naxçıvanda yaradılan Araz-Türk Respublikasının tədbirlərinə rəğbət bəsləyib, Bakıda Azərbaycan Xalq Cumhuriyyətinin ədəbi birliyi olan "Yaşıl qələm" dərnəyinin üzvü kimi fəaliyyət göstərib, ədəbiyyat aləmində parlayıb. "Bahar şəbnəmləri" adlı şeirlər kitabının 1918-ci ildə çapdan çıxması, "İblis" və "Uçurum" dramlarının yazılması və xüsusən "İblis" pyesinin uğurla tamaşaya qoyulması Cavidin ədəbi şöhrətini artırıb.
Hüseyn Cavid yaradıcılığı bədii növ, janr və forma cəhətdən çox zəngindir. O, lirik şeirlərin, lirik-epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. Yaradıcılığının ilk dövrlərində ictimai-siyasi lirikaya daha çox diqqət edib. Onun "Öksüz Ənvər", "Çoban türküsü", "Kiçik sərsəri", "Dün və bu gün", "Qadın", "Görmədim", "Vərəmli qız" və s. şeirlərində mülkədar-burjua quruluşunun ədalətsizliyi, əməkçi insanların faciəli həyatı təsvir edilir. İlk mətbu əsərlərindən olan "Məsud və Şəfiqə" şeirində Bakı neft mədənlərində çalışan fəhlələrin dözülməz vəziyyəti sahibkarların tüfeyli, firavan həyatı ilə qarşılaşdırılır. "Sən nəsən, kimsən deyən ariflərə" poemasında şair insanlara işıqlı həyat, azad gələcək yolu axtarıb. Onun "Məzlumlar üçün," "Qüruba qarşı" şeirlərində imperialist müharibələrinə qarşı nifrət öz əksini tapıb.
Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı manerası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapıb. İlk mənzum "Ana" pyesində nəciblik, sədaqət, mərdlik kimi keyfiyyətlərin yalnız sadə insanlarda olduğu göstərilib. Onun "Maral" faciəsində şəxsiyyət və qadın azadlığı məsələsi qaldırılır, ailə münasibətlərində feodal-burjua və mürtəce ruhani əxlaqi görüşləri tənqid edilir. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" adlı əsərində xalqları bir-birindən ayıran dini və milli təəssübkeşlik əleyhinə üsyanlar, etiraz ruhu hakimdir. Hüseyn Cavid bu dövrdə tədriclə "haqq verilmir, alınır" ideyasına gəlib çıxmışdı. Həmin ideya "Şeyda" dramında, "Haqqını sən mübarizə ilə ala bilərsən" poemasında daha aydın ifadəsini tapıb. "Şeyda"da Hüseyn Cavid yalnız ideya və mənəviyyatlardakı ziddiyyəti deyil, real sosial ziddiyyətləri də göstərir, "füqərayi-kasibə"ni, "qabarlı əlləri" istismarçılarla mübarizəyə çağırır.
Hüseyn Cavidin yaradıcılığında mühüm yer tutan "İblis" faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsini tərəfdarları "iyirminci əsrin mədəni vəhşiləri" olan imperialist dairələri İblis surətində ümumiləşdirilir, işğalçı müharibələrə lənət yağdırılır. Mürtəce qüvvələrlə azadlıq, bərabərlik, sülh, beynəlmiləlçilik, maarif və mədəniyyət dostlarının toqquşması Hüseyn Cavidin 1920-ci ilədək yazdığı əsərlərin başlıca konflikti idi. Bu əsərlərin bədii qayəsini bəşəriyyətin fəlakətinə ədalətsiz, istismarçı ictimai quruluşların səbəb olması fikri təşkil edir.
Hüseyn Cavidin Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonrakı yaradıcılığında yeni həyatın tərənnümü əsas yer tutur. Şair Azərbaycan qadınlarının savadlanması və cəmiyyət işlərinə qoşulmasına, şüurlarda əmələ gələn inqilaba, Vətənin həqiqi sahibi olmuş zəhmətkeş xalqa şeirlər həsr edir. Sosialist varlığı Hüseyn Cavidin o vaxta qədər qəmli, ələmli olan şeirinə nikbin ruh gətirir. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan kapitalizm cəmiyyətindəki sinfi ziddiyyətləri, fəhlələrin və zəhmətkeş ziyalıların ağır həyatını, mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdır. O, "Nil yavrusu" əsərində müstəmləkə zülmünü qəzəb və nifrətlə damğalayırdı.
1920-1930-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. "Peyğəmbər" və "Topal Teymur" adlı əsərlərindən sonra yazdığı "Səyavuş" və "Xəyyam" tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi bir dönüş olub. Şair bu əsərlərində istibdada qarşı üsyan edən kütləni, üsyan başçılarını və Xəyyam kimi azadfikirli bir mütəfəkkiri baş qəhrəman seçib.
Faşizm və II Dünya müharibəsi təhlükəsinin artması 30-cu illərin əvvəllərində Hüseyn Cavidi narahat edən problemlər idi. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsinin əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü. Onun fəlsəfi, siyasi-ictimai görüşləri "ümumi məhəbbət" ideyasından sosialist humanizminə qədər bir inkişaf yolu keçib.
Poeziyası yüksək bədii sənətkarlığı, dərin emosionallığı, səmimiliyi ilə seçilir.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Hüseyn Cavid müəllim kimi fəaliyyət göstərib, Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyib. Bir-birinin ardınca yazılan əsərləri - "Azər" poeması, "Afət", "Peyğəmbər", "Topal Teymur", "Knyaz", "Səyavuş", "Xəyyam", "İblisin intiqamı" pyesləri və dram əsərlərinin müvəffəqiyyətlə tamaşaya qoyulması görkəmli sənətkara böyük şöhrət qazandırıb. Bakıda təşkil olunan "Hüseyn Cavid axşamı," dövlət tərəfindən müalicə olunmaq üçün Almaniyaya göndərilməsi, ona fərdi təqaüd müəyyən olunması, əsərlərinin Azərbaycanla yanaşı Zaqafqaziya və Orta Asiya teatrlarında böyük uğurla səhnəyə çıxarılması, kitablarının nəşri ədibin nüfuzunu artırmaqla bərabər, sənətinə və şəxsiyyətinə paxıllıqla yanaşanların da meydana çıxmasına rəvac verib. Nəticədə, 1931-ci ildən etibarən dövri mətbuatda haqqında tənqid ruhlu məqalələr görünməyə başlanıb, əsərlərinə qurulan ədəbi məhkəmələrdə, 1934-cü ildən üzvü olduğu Azərbaycan Yazıçılar İttifaqının yığıncaqlarında o "burjua yazıçısı", yaxud "müasir həyatı əks etdirməyən" yazıçı kimi damğalanıb. Rəzalətin hökm sürdüyü o dövrdə ümidsizlik, bədbinlik öz qəzəbli hökmünü elə bir həddə çatdırıb ki, hər axşamın toranlığı evlərə bir vahimə gətirib. O qorxulu gecələrin birində qara qüvvələr Hüseyn Cavidi də aparıblar. Millətini, xalqını canından artıq sevən böyük mütəfəkkir Hüseyn Cavid 1937-ci ilin qəzəbli möhürünə - "vətən xaini" kimi iyrənc ittihama məruz qalıb. Bütün bunların nəticəsində Hüseyn Cavid 1937-ci ilin iyun ayında əsassız yerə həbs olunub, "Gizli millətçi əksinqilabi təşkilat"da iştirak bəhanəsilə səkkiz illik həbs cəzasına məhkum edilib. Qoca ədib 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və soyuq həbs düşərgəsi olan Maqadan şəhərində cəza çəkib. 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat edib.
Tarixi şəxsiyyət Hüseyn Cavidə 6 mart 1956-cı ildə bəraət verilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Cavidin cənazə qalıqları 1982-ci ildə Sibirdən Vətənə gətirilib, Naxçıvanda torpağa tapşırılıb. Ədibin xatirəsi əbədiləşdirilib. Anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunub. Naxçıvanda ev-muzeyi yaradılıb, Bakıda, vaxtilə yaşadığı binada (indiki Azərbaycan MEA Əlyazmalar İnstitunun binası) Hüseyn Cavidin barelyef təsviri olan xatirə lövhəsi vurulub. 1982-ci ildə Naxçıvanda "Hüseyn Cavid poeziya teatrı" açılıb. Naxçıvanın Babək rayonunda Cavidabad kəndinə, Bakıda və Respublikanın digər şəhər və rayonlarında küçə, məktəb, kitabxana və s. mədəni-maarif müəssisələrinə adı verilib. Bakıda heykəli, Naxçıvanda türbəsi ucaldılıb, ev muzeyləri təşkil edilib. Onun qələmindən çıxan əsərlərin ideyasını insanın, cəmiyyətin mənəvi oyanışı və azadlığı, bəşəriyyətin mənəvi eybəcərlik və məşəqqətlərdən xilası, gözəllik, həqiqət və xeyirxahlıq təşkil edir. Bir sözlə, Cavid uca ideallar şairi olub.
Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən qələm adamlarındandır. O, Azərbaycan mütərəqqi romantizminin banilərindən, Azərbaycan ədəbiyyatının yaradıcılarından biridir.
"Həqiqət istərəm, yalnız həqiqət", - deyə bütün ömrü boyu çarpışan, yazıb-yaradan Hüseyn Cavidin əsərləri elə bir haqdan qüdrət alıb ki, bu gün də aktual və mənalı səslənir.
Mərhum prezident Heydər Əliyev Cavid haqqında belə deyib: "Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır".
Tarixi mövzularda möhtəşəm əsərlər yaradan Hüseyn Cavid əsrlərin ən dərin qatlarına dövrünün gözü ilə baxaraq, işlədiyi mövzunu elə qüdrətlə mənalandırırdı ki, bütün ədəbi döyüşlərdən qalib çıxırdı. O, əsərlərində yalnız Azərbaycan deyil, bütün bəşəriyyəti düşündürən problemlərə işıq tuturdu. Cavidin axtardığı həqiqətin bir mənası vardı - milləti azad və birlikdə görmək! Ulu öndərimiz: "Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır" - deyib.
Bəli, bu böyük şair dünya durduqca yaşayacaqdır. Biz bu tarixi şəxsiyyətimizi rəhmətlə yad edirik.
Ruhu şad olsun!
Fazil QARAOĞLU
professor