Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 26-da keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunun M.Hadi küçəsindən 1 ədəd alışqansız “F-1” qumbarası tapılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Yanvarın 26-da metronun “28 May” stansiyasının yaxınlığındakı taksofonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun Gəncə şəhər sakini R.Əhmədov olduğu müəyyən edilib.
Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən qəsəbə sakini olan qadın yanvarın 25-də Bakıxanov qəsəbəsi ərazisində xətt avtobuslarının birində mobil telefonunun oğurlandığını bildirib.
Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.
Qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanıb.
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.