DİN Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanıb.
Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanıb.
İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon sakini S.İxayevanın qadınları xarici ölkələrə apararaq cinsi istismara məruz qoyduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.İxayeva polis əməkdaşları tərəfindən saxlanıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olan E.Məmmədov Gəncə Rayonlararası Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib.
Yanvarın 25-də saat 23 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb.
Araşdırma aparılır.