Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Əfqan Məmmədov saxlanıb. Bölmədə onun üzərində şəxsi axtarış aparılan zaman 2,618 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun Maştağa qəsəbəsi M.Mirəliyev küçəsində yerləşən yarımtikilidə gizlətdiyi ona məxsus 510 qram heroin də götürülərək istintaqa təqdim edilib. Saxlanan şəxs narkotik vasitəni bir müddət əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.
Faktla bağlı bölmədə toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Daha bir analoji əməliyyat Xızı rayonunda keçirilib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xızı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Altıağac qəsəbə sakini, 30 yaşlı Rəşad Bağırov saxlanıb. RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Həmçinin Şabran RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 48 yaşlı Cavid Hüseynov polis əməkdaşları tərəfindən saxlanıb. Onun yaşadığı evə baxış zamanı 20 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.
Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar aparılır.