Nərimanov rayonunda yerləşən marketlərdən birində xanım müştərinin əl çantası oğurlanıb. Bu barədə zərərçəkən rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edərək, içərisində 250 manat olan çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Şöbə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Faniz Səfərov saxlanıb. Qeyd edək ki, saxlanan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Saxlanan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.
Faktla bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində saxlanan şəxs barəsində inzibati protokol tərtib olunub və o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunub.
Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilər.