DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 22-də saat 23 radələrində Xaçmaz dəmiryolu stansiyasının ərazisində qatarları su ilə təmin edən qurğunun hissələrinin oğurlanmasına cəhd göstərilib.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində həmin qurğunu xüsusi alətlə açmağa cəhd edən şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanıb. Onun Xızı rayon sakini M.Həmidli olduğu müəyyən edilib.
Oğurluğa daha bir cəhdin qarşısı Şəmkirdə alınıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 23-də saat 21 radələrində Şəmkir rayonunun Seyfəli kəndində Şəmkirçay su anbarının həyətindən 100 metr borunun oğurlanmasına cəhd göstərilib. Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən oğurluğun qarşısı alınıb və hadisəni törədən şəxs saxlanıb.
Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin kənd sakini M.Məmmədov olduğu müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.