Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdii tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevə bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanıblar.
F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Daha bir analoji cinayət Cəlilabad rayonunda törədilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı