Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 3 fakt üzrə çəkisi 15 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb.
Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı