Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 3-də daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Zizik kənd sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Fəxrəddin Şəfiyev saxlanıb.
RPŞ-nin əməkdaşları tərəfindən üzərinə keçirilən şəxsi baxış zamanı ondan 3 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Bu zaman F.Şəfiyevə məxsus evin zirzəmisindən sellofan torbadan ümumi çəkisi 440 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.