Tural İrfan: “Ziyarətə uşaqların aparılması doğru deyil”
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.
Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlıq nəzərə alınaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.
QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, biz körpə uşaqları aparmırıq: “12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Bizə bununla bağlı müraciət edənlər yoxdur, sadəcə soruşurlar. Biz də tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək". O, həmçinin əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.
Maraqlıdır, niyə 12 yaşdan yuxarı uşaqların getməsinə niyə icazə verilir? Onlar da uşaq sayılır. Ümumiyyətlə, məktəb şagirdlərinin ziyarətə getməsinə qadağa qoyula bilərmi? Bəlkə 1 dəfədən artıq Həccə getmələrə qadağa qoyulsun? Bir dəfədən artıq Həcc ziyarətinə getmək qadağan oluna bilərmi?
“Bir dəfə getmək vacibdir, ikinci dəfə getmək müstəhəbdi, amma yaxşı olar ki, ikinci dəfə getmək əvəzinə…”
Ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Həcc əslində ziyarət adlansa da ibadətdir, İslamın şərtlərindəndir. Ona görə də bu ibadəti mükəlləf olan müsəlmanlar icra etməlidir: “Mükəlləf yaşı da həddi-büluğa çatandan sonradır. Uşaqları Peyğəmbər zamanında da kütləvi şəkildə Həccə aparmaları qeyd edilməyib. Ola bilər nadir hallarda olsun. Amma ora turist səfərləri üçün yer deyil, gəzinti məkanı da deyil. Digər ziyarətlərə uşaqları aparmaq olar. Amma Həcc böyük insanlar üçün ibadət yeridir. Namazdan, orucdan, zəkatdan sonra həcc ibadəti gəlir. İmkanı olan, maddi cəhətdən mükəlləf olan müsəlmanlar getməli, o ibadəti icra etməlidir. 1 dəfə getmək vacibdir. İkinci dəfə getmək müstəhəbdir. Amma yaxşı olar ki, ikinci dəfə getmək əvəzinə kasıblara əl tutulsun, xeyirli işlər görülsün. Uşaqları isə zərurət olmadan aparmaq həm dini cəhətdən, həm də isti şərait, əziyyətli vəziyyətlə bağlı münasib deyil. Amma qadağan və haram da deyil”.
Günel CƏLİLOVA