Bağçalarda vahid menyu tətbiq ediləcək. Artıq 196 bağçada pilot qida layihəsi tətbiq olunub. Bunu Məktəbəqədər Təhsilin Təşkili və İdarəolunması Sektorunun müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, hazırda bununla bağlı valideynlərdən və layihənin tətbiq olunduğu bağçaların rəhbərliyindən toplanan sorğular emal edilir. Bəs vahid menyu tətbiqindən sonra bu sahədə hansı dəyişikliklər gözlənilir? Ümumiyyətlə, bu addım nəyə hesablanıb?
Elşən Qafarov: “Vahid menyunun tətbiqi uşaqların sağlam, normativə uyğun şəkildə qidalanmasına səbəb olacaq”
Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2022-ci il yanvarın 1-dən etibarən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin səlahiyyətlərinə verilib: “Bundan sonra məktəbədər təhsil müəssisələrində istər tədrisin təşkili, istərsə də təminatla bağlı müsbət mənada ciddi dəyişikliklər var. Cari ilin əvvəlindən başlayaraq bağçalarda qida təminatı ilə bağlı yaxşı mənada dəyişikliklər baş verir. Məktəbəqədər təhsil müəssisələrində vahid menyu tətbiq olunur. Vahid menyu tətbiq olunan zaman daha ekoloji təmiz məhsullardan istifadə olunur və olunacaq. Vahid menyunun tətbiqi uşaqların sağlam, normativə uyğun şəkildə qidalanmasına səbəb olacaq”.
Ağa Salamov: “Bağça uşaqlarını, heç olmasa, düzgün və faydalı qidalandırmağa çalışılmalıdır”
Qida mütəxəssisi Ağa Salamov bildirdi ki, uşaqlar ətdən “qaçaq” düşüb: “Bölgələrdə yaşayan, anadan olandan həyətdə toyuq-cücə görən uşaq da kənd çolpasını sevmir, anasına sifariş verir ki, mənim üçün qril hazırla. Özü də broyler toyuğundan. Mən bu məsələdə ilk növbədə valideynləri günahlandırıram. “Neyləyim, uşaq bunu istəyir”, deyən ananı heç cür anlamıram. Bu səbəb deyil, bəhanədir. Əvvəllər analar naharı hazırlayıb sonra işə gedirdi. Evdə daim isti yemək olurdu. Uşaq məktəbdən gələndə isti yemək yeyirdi. İndi məktəblilər evə doyub gedir. Nəylə doyurlar? Dönərlə, şaurmayla, pitsa ilə. Kartoflu kökələrlə. Analar da məşğul olduqlarından, ya da tənbəlliklərindən yemək bişirməyə həvəsli deyillər. Uşağa pul verirlər ki, məktəbdə nəsə alıb yesin”.
A.Salamovun sözlərinə görə, bağça uşaqlarını ,heç olmasa, düzgün və faydalı qidalandırmağa çalışılmalıdır: “Pilot layihələr müsbət haldır. Kiçik yaşlarından uşaqların sağlam böyüməsini təmin edəcək ən birinci şərt düzgün qidalanmadır. Lakin pilot layihənin gedişatı, nəticələri təhlil edilməlidir. Nəticələrə əsasən də uşaqların qidalanmasında nələrə üstünlük verilməlidir, aydınlaşmalıdır. Uşaqların qida rasionunda mütləq mal əti, quş əti, balıq və balıq məhsulları, süd məhsulları, paxlalı, dənli bitkilərdən hazırlanan yeməklər, tərkibi kalium, kalsium, maqnezium, dəmirlə zəngin qidalar, meyvə-tərəvəz olmalıdır. Bu qidalar uşaqlarda sümükləri bərkidir, mədə-bağırsaq sisteminin düzgün çalışmasını təmin edir, qanazlığı problemini aradan qaldırır”.
Günel CƏLİLOVA