Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin, şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyətinə, eləcə də cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.
Paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı görülən işlərin üzərində də dayanan nazir yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının və digər qanunazidd halların aradan qaldırılmasının, ümumən bu sahədə tədbirlərin gücləndirilməsinin zəruriliyinə toxunub, hərəkətin təhlükəsizliyinin təmini ilə əlaqədar qarşıda duran vəzifələri müəyyən edib və aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Nazirin bu anonsu Bakıda tıxacları azaltmaq üçün təsirli tədbirlər sayılacaqmı?
Artıq bir neçə ildir ki, tıxac Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, artıq tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bu barədə çox yazılıb, çox deyilsə də, amma mövcud problemin həllində çox az irəliləyiş müşahidə olunur. Bunu doğuran səbəblər çoxdur. Yeni avtomobillərin sayının artmasını, dar yollar, yolların səhv planlaşdırılması, bir çox sürücülərin yol hərəkəti qaydalarını lazımınca bilməməsi, avtomobillərin dayanacaqlardan kənar yerlərdə saxlanması və digər bu kimi səbəblər problemi daha da çətinləşdirir.
Doğrudur, yolların genişləndirilməsi, yollarda təmir işlərinin aparılması, yeraltı keçidlərin tikilməsi və bu kimi üsullarla problemin aradan qaldırılması istiqamətində Bakıda və rayonlarda nə qədər lazımi işlər görülsə də, amma təəssüf ki, bütün bunlar tıxac problemini hələ ki, birdəfəlik həll edə bilmir.
Dünyanın bütün iri şəhərlərində tıxaclar nəqliyyat təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, insanların sağlamlığına xələl gətirir, həmçinin, regional və qlobal ekoloji vəziyyətə təsirsiz ötüşmür.
Bu ciddi problemin aradan qaldırılması üçün həm də dövlət qurumlarının üzərinə ciddi məsuliyyət düşür.
Əslində, nazir Vilayət Eyvazov tıxacın yaranmasına səbəb olan çox ciddi mətləbə toxunub. Əksər hallarda tıxacın yaranmasına elə avtomobillərin yol kənarlarında düzgün parklanmaması kimi ciddi amil səbəb olur. Təbii ki, Bakının bütün sürücüləri maşın saxlama və parkovka qaydalarını bilsəydilər və onlara əməl etsəydilər, əla olardı. Ən azı, şəhərimizin bütün küçələri iki dəfə genişlənərdi. Amma ya bilmirlər, ya da əməl etmirlər və evakuatorlara ehtiyac yaranır. Doğrudur, çox bahalı metoddur, amma dəymiş ziyanı sürücü özü ödəyir. Bu gün bu metoddan Avropanın bir çox paytaxtlarında istifadə edilir. Məsələn, Amsterdamın mərkəzində düzgün park edilməyən avtomobil 2 saatdan çox durarsa, yanında evakuator hazır olur.
Hesab etmək olar ki, cənab nazirin bu təşəbbüsü tıxac probleminin aradan qaldırılmasında mühüm rol oynayacaq.
Məhəmmədəli QƏRİBLİ