Ölkədə qadınlarla kişilərin orta aylıq əməkhaqqı arasındakı fərqlilik Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilməsinə ehtiyac yaradır. Qadınların ailə qayğıları, övladlarının tərbiyəsi ilə bağlı ehtiyac baxımından onların kişilərdən az maaş alması doğru deyildir.
Bu fikirləri Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə keçirilən “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda birgə dinləmədə səsləndirib.
Komitə sədri bildirib ki, son üç əsrdə qadınların əmək bazarındakı tarixi və müasir rolu ilə əlaqədar hesab edilirdi ki, kişilər və qadınlar arasında gəlir fərqi təhsil və peşə seçimindəki fərqlərlə bağlıdır.
Z.Oruc işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış strategiyasının reallaşdırılması istiqamətində qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramının qəbul edilməsini təklif edib.
Zorakılığın qarşısının alınması üzrə Milli Mərkəzin yaradılmasının vacibliyini deyən komitə sədri profilaktika qanunlarının cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəli olduğunu diqqətə çatdırıb.