Abşeron rayonu Saray qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə yolun bərbad vəziyyətdə olmasından narazıdır. Deyirlər ki, uzun müddətdir, yolda əsaslı təmir işləri aparılmır. Buna görə də, xüsusilə yağışlı havalarda vəziyyətləri daha da acınacaqlı olur.
Sakinlər bildirir ki, şəhərə getməkdə çətinlik çəkirlər. Həmin ərazidə Hüseyn Cavid, həmçinin General Məhəmməd Əsədov adına küçələrdə avtomobillərin normal hərəkəti müşkülə çevrilir. Qeyd edilən ünvanda yaşayan, davamlı o küçədən istifadə edən sakinlər yolun bərbad vəziyyətdə olmasından şikayət edirlər. Sakinlər bildirir ki, ərazidə yol o vəziyyətdədir ki, taksi sifariş etdikdə belə sürücülər gəlmək istəmirlər: “Saray qəsəbəsi, Hüseyn Cavid küçəsi 12 ünvanında yollara bir çarə tapılmır. Artıq 1 ildir ki, yollar keçilməzdir, çox əziyyət çəkirik”.
Saray bələdiyyəsi: “Ərazidə yaxın vaxtlarda asfaltlanma işləri görüləcək”
Məsələ ilə bağlı Saray bələdiyyəsindən “Bakı-Xəbər”ə bildirildi ki, ərazidə yaxın vaxtlarda asfaltlanma işləri görüləcək: “İçra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Cavab gözləyirik. Tezliklə asfaltlanma işlərinə başlamalıdırlar. Sadəcə gözləmək lazımdır”.
Elmin Zeynalov: “Bəzi qurumlar məhəllədaxili yolların vəziyyətini görməzdən gəlir”
Nəqliyyat sahəsi üzrə ekspert Elmin Zeynalov bildirdi ki, yol çəkilişləri zamanı işlər koordinasiyalı şəkildə aparılmır: “Bizim yol təsərrüfatımızla bağlı vəziyyət hələ də arzuladığımız səviyyədə deyil. Yol çəkiləndə onun geoloji tərəfi öyrənilməlidir, aidiyyəti qurumların nümayəndələri orada müayinələr aparmalı, rəy verməlidirlər.
Əhalinin artması, qəsəbədaxili yolların düzəldilməməsi bu sahədə problemlərin artmasına rəvac verir. Ona görə də hesab edirəm ki, bununla bağlı nəzarət tədbirləri gücləndirilməlidir. Bəzi qurumlar məhəllədaxili yolların vəziyyətini görməzdən gəlir. Bu danılmaz faktdır. Sakinlər etiraz səsini qaldırmasa qurumlar məhəllədaxili yolları əsla təmir etməz. Əslində aidiyyəti qurumların ərazi üzrə əməkdaşları mütəmadi olaraq reydlər keçirməli, hansı ərazidə yol və ya digər problemlər varsa onu həll etməyə çalışmalıdır. Ancaq görünən mənzərə başqadır”.
Əli TURABOV