Elə ki yağış yağdı, burada vəziyyət daha acınacaqlı olur. Söhbət Xəzər rayonu, Qala qəsəbəsində eyniadlı küçədə yaşanan anorallıqdan gedir. Belə ki, qrunt suları bu ərazidə evlərin zirzəmisinə axır.
Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, evlərin divarına vurulan suvaq nəmişlikdə qopur, evlərdə çatlar əmələ gəlir: “Evin altından sanki çay axır. Yaşayış üçün təhlükəli vəziyyət yaranıb. Evlərin uçma ehtimalı günü-gündən artır”.
Sakinlər onu da qeyd edir ki, yağış yağarkən onların yaşayışı daha da çətinləşir.
Şikayətçilər bildirir ki, problemin həll olunması üçün dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər. Ancaq onlara problemin həll olunacağı ilə bağlı heç nə deyilməyib.
Xəzər RİH: “Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq…”
Xəzər Rayon İcra Hakimiyyətindən “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, məsələ ilə bağlı “Azərsu” ASC-yə müraciət ünvanlanıb: “Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür. “Azərsu” ASC-nin sifarişi ilə Qala qəsəbəsi ərazisində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Qəsəbədə mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək”.
Elxan Əliyev: “Qrunt sularının evlərin zirzəmisinə axması təhlükəlidir, bu problem həll olunmazsa…”
Sosial sahə üzrə ekspert Elxan Əliyev qəzetimizə açıqlamasında qeyd etdi ki, qrunt sularının evlərin zirzəmisinə axması təhlükəlidir. Bu problem həll olunmazsa həmin ərazidə yaşayan insanların həyatı təhlükədədir.
Həmsöhbətimiz hesab edir ki, sözügedən problemə birdəfəlik son qoymaq üçün vahid plan hazırlanmalı, su xətlərində problemlər olan yaşayış binalarının qrafiki tərtib edilməlidir: “Bunun üçün maliyyə vəsaiti ayrılmalıdır ki, boruların rekonstruksiya işləri həyata keçirilsin. Eyni zamanda problemin həllinə nail olmaq üçün mərkəzləşdirilmiş sistemin yaradılmasına ehtiyac var. Bu işlərin ləngiməsi sözügedən problemin dərinləşməsinə səbəb ola bilər“.
Ekspertin sözlərinə görə, ev, iaşə obyekti və ya məktəb tikilərkən araşdırmaq lazımdır ki, orada nəsə tikmək olar, yoxsa yox.
Əli TURABOV