Bibim küçədə yaralı qalmışdı, ermənilər bizi atəşə tutduğuna görə onu evə sala bilmirdik.
Trend-in məlumatlna görə, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Mehralıyeva Elnarə deyib.
"Meşəli kəndinə hücum zamanı biz canımızı xilas etmək üçün qaçırdıq. Qaçdığımız zaman ermənilər bizi atəşə tuturdular, qaçan zaman bizdən bir neçə nəfər də şəhid oldu", - deyə o əlavə edib.
“Məşəli kəndi işğal olunan zaman 10 yaşım var idi. Mən xatırlayıram ki, ermənilər bizim kəndə hücum edir, azərbaycanlıları öldürür, bizi evlərimizdən didərgin salmağa çalışırdılar. Dekabrın 23-də nənəm və bibim məni yuxudan qaldırdı. Onlar dedilər ki, ermənilər Meşəliyə hücum ediblər”, - E.Mehralıyeva qeyd edib.
O vurğulayıb ki, ermənilər evi atəşə tutduğu üçün çıxmaq mümkün deyildi: “Mən ayağımdan və əlimdən, bibim isə belindən yaralandı. Biz üzərimizə yorğan-döşək tökmüşdük ki, güllədən qorunaq. Ermənilər bibimin üzərinə yandırıcı maddə atmışdılar. Biz oradan çətinliklə uzaqlaşa bildik”.