Əhalinin əlçatanlığının yaxşılaşdırılması məqsədilə səhiyyə ocaqlarının və tibb məntəqələrinin sayının artırılması, infrastruktur vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirir.
Bu səbəbdən də bir çox xəstəxana və poliklinikalar TƏBİB-in tabeliyinə verilib. Belə bir məlumat yayılıb ki, dəmiryolunun Həkim-sanitar xidmətinin tabeliyində olan bütün xəstəxanalar, poliklinikalar 1 yanvar 2024-cü ildən TƏBİB-in tabeliyinə veriləcək.
Məlumatda o da qeyd edilir ki, Həkim sanitar xidmətin rəisi Adil Şükürov oktyabrın 17-də iclas keçirib. İclas zamanı qeyd edilib ki, bu xidmətin Bakı şəhəri üzrə 10 idarəsi var: “Bizim xidmətin bütün idarələrini yanvarın 1- dən etibarən Azərbaycan Dəmiryollarınln tabeliyindən alıb TƏBİB-ə verəcəklər”.
Hazırda kollektiv gələcəkləri haqqında narahatdır. Çünki bu xidmət həmişə Dəmiryollarının tabeliyində olub və hətta Səhiyyə nazirliyinə də tabe olmayıb. İşçilər gələcəkdə də həmin yerdə çalışıb-çalışmayacaqlarından, iş qaydasının dəyişib-dəyişməyəcəyindən narahatdırlar.
TƏBİB: “Hazırda belə bir məlumat yoxdur”
Məlumatı dəqiqləşdirmək məqsədilə TƏBİB-lə əlaqə saxladıq. Qurumdan “Bakı-Xəbər”ə bildirildi ki, hazırda belə bir məlumat yoxdur: “Bu kimi qərarlar ölkə rəhbəri İlham ƏIiyev tərəfindən verilir. Hazırda bu barədə heç bir məlumata malik deyilik”.
"Azərbaycan Dəmir Yolları" QSC: “Hələlik belə bir məsələ yoxdur”
"Azərbaycan Dəmir Yolları" QSC-dən “Bakı-Xəbər”ə deyildi ki, hələlik belə bir məsələ yoxdur.
Günel CƏLİLOVA