Mütəmadi olaraq mətbuatda kiminsə adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi borcunun gəldiyi haqqında məlumatlar yayılır. Belə bir hal bu günlərdə Bakı sakini Faiq Abbasovun başına gəlib. O qeyd edir ki, 5 il öncə xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə məlum şəxsin adında külli miqdarda vergi borcu yaranıb. O özü isə bu barədə 2 il öncə xəbər tutub.
Faiq Abbasov iddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun 45 min manata yaxın vergi borcu var.
Maraqlıdır, insandan xəbərsiz necə şirkət yaradıla bilir? Məlumdur ki, adi bank hesabından pulu çıxardılan zaman aidiyyəaiı qurumlar buna nəzarət edir, hətta istədiyi məbləğə sanksiya qoyur və sair... Bəs bu necə olur ki, kiminsə adına müəssisə açaraq əməliyyat edirlər, ancaq qurumların xəbəri olmur?
“Hər hansı bir hakerə 200-300 manat verməklə istənilən vətəndaşın adına müəssisə qeydiyyatdan keçirmək olar”
Qeyd etdiyimiz kimi, bu kimi hadisələr tez-tez yaşanır. Bu problemlə bağlı Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda korrupsiyanın çiçəkləndiyini heç kim inkar edə bilməz: “Bütün dövlət və özəl qurumlar korrupsiyaya bulaşıb. Bu səbəbdən də istənilən bir vətəndaşın şəxsiyyət vəsiqəsinin surətini əldə etməklə adına şirkət açmaq mümkün olur. Təbii ki, müəyyən xərc müqabilində. Bunun üçün təxminən 2 min dollar pul xərclənib. Qeydiyyatdan keçirən orqanların hər birinə müəyyən məbləğdə pul verərək kiminsə adına şirkət açılıb. Elə möhtəkirlər var ki, özü fəaliyyət göstərib 5 min manat vergi ödəməlidir. Həmin məbləği ödəməmək üçün hansısa yolla əldə etdiyi şəxsin şəxsiyyət vəsiqəsinin məlumatları ilə şirkət açır, fəaliyyəti göstərir, vergini ödəmir, qazancı da artır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, indi hakerlər qeyri-qanuni yolla bu işi həyata keçirirlər: “Məlumdur ki, hazırda qeydiyyat elektron hökumət üzərindən aparılır. Hər hansı bir hakerə 200-300 manat verməklə istənilən vətəndaşın adına müəssisə qeydiyyatdan keçirmək də olar.
Onu da deyim ki, təxminən 5-6 il əvvəl oliqarxlar nəyinsə qarşılığında yaxın qohumu, tanışının şəxsiyyət vəsiqəsini alıb, onun adına müəssisə yaradırdılar. Bunların hamısı qeyri-şəffaflıq, korrupsiyanın çiçəklənməsi ilə bağlı olan məsələlərdir. Təəssüf ki, bu hal indi də davam edir”.
Əli TURABOV