Uşaqlara qarşı cinsi istismara görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin ötən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Ümumiyyətlə, uşaqlara qarşı cinsi zorakılığa görə məhkum olmuş şəxslərin təhsul müəssisələrində çalışması düzgün hesab edilmirdi. Bu səbəbdən də adıçəkilən qanun layihəsinə edilən dəyişiklik müsbət qəbul olunur.
“Həmin şəxslər etdikləri əmələ görə cəzalarını çəksələr də, bu həmin şəxslərin bu tip cinayəti, hadisəni yenidən törətmək ehtimalını azaltmır, bu səbəbdən də…”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda orta məktəblərə işə qəbul prosesi müsabiqə və müsahibə formasında həyata keçirilir. Hər il müəllim olmaq üçün 60 mindən çox insan elektron ərizə verir və 10 minə yaxın şəxs yeni təhsil ilində pedaqoq kimi fəaliyyətə başlayır: “Müəlimlərin işə qəbul prosesinin müsahibə və müsabiqə formatında həyata keçirilməsi təhsil sistemində yenilik kimi qəbul olunub. Müəllimlərin işə qəbulu ilə bağlı qanunvericiklərə edilən bütün dəyişikliklər müsbətdir. Qanunvericiliyə edilən dəyişikliklərdən biri də cinsi zorakılığa görə məhkumluğu olan şəxslərin pedaqoq kimi çalışa bilməməsidir. Bu doğru və düzgün qərardır. Nəzərə almaq lazımdır ki, pedaqoqlar məktəblilərlə, azyaşlılarla işləyir. Xüsusi amansızlıqla cinayət törədənlər və cinsi zorakılığa görə məhkumluğu olan şəxslər, təbii ki, müəllim kimi çalışa bilməz. Həmin şəxslər etdikləri əmələ görə cəzalarını çəksələr də, bu həmin şəxslərin bu tip cinayəti, hadisəni yenidən törətmək ehtimalını azaltmır. Bu səbəbdən də qanuna edilən dəyişiklik yalnız təqdir olunmalıdır”.
Psixoloq hesab edir ki, uşaqlara qarşı cinsi istismara görə məhkum edilmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulması tamamilə düzgündür. Ümumiyyətlə, barəsində məhkumluq olmuş şəxslər məktəbə getməməlidir.
Günel CƏLİLOVA