"Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır". Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.
Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var: "Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq. Tək dövlət təhsili olmamalı, eləcə də nazir sırf dövlət təhsil müəssisələrini tənzimləyən şəxs olmamalıdır. Özəl sektor da bu sahədə fəaliyyətini artırmalıdır. Bu gün təqaüdlərə ayrılan vəsaitlər bir neçə milyon manatdan çox deyil və gediləcək uzun yol var".
Qeyd edək ki, adlı təqaüd təhsildə uğurlu nəticələri ilə fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.
Hazırda Azərbaycanda bir sıra təhsil ocaqları tələbələrinə adlı təqaüdlər təklif edir. Ancaq bu adda təqaüd alan tələbələrin sayı azdır.
“Adlı təqaüdlərin sayı çoxaldılmalıdır, iqtisadiyyat, neft və qaz sahəsində təhsil verən universitetlər maraqlı olmalıdırlar ki, tələbələrinə adlı təqaüdlər versinlər”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ali və peşə təhsili müəssisələrində bir neçə təqaüd növü mövcuddur: “Ümumilikdə ölkəmizin təhsil sistemində standart, prezident və adlı təqaüdlər var. Məlumat üçün deyim ki, alı təqaüdlər təhsildə uğurlu nəticələri ilə fərqlənən şəxslər üçün nəzərdə tutulur. Bunu isə dövlət, universitet və fiziki və hüquqi şəxslər müəyyən edə bilər”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycanda tələbələrin əksəriyyəti adlı təqaüdlərdən xəbərsizdir: "Adlı təqaüd əsasən Bakı Dövlət Universitetində qalıb. Bu universitetdə 20-dən çox adlı təqaüd var. Bunlar Heydər Əliyev, Zərifə Əliyeva, Əziz Əliyev, Ziya Bünyadov, Mircəlal Paşayev adına və sair təqaüdlərdir. Hesab edirəm ki, adlı təqaüdlərin sayı çoxaldılmalıdır. İqtisadiyyat, neft və qaz sahəsində təhsil verən universitetlər maraqlı olmalıdırlar ki, tələbələrinə adlı təqaüdlər versinlər. Əvvəllər özəl universitetlərdə adlı təqaüdlər olsa da, artıq bu dayandırılıb. Nəzərə almaq lazımdır ki, bu həm tələbələrin sosial vəziyyətinə müsbət təsir edəcək, həm də təhsilə marağın artmasına səbəb olacaq".
Günel CƏLİLOVA