Bakı-Quba yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayan, 129 kilometrlik hissəsi ödənişli yol kimi müəyyən edilib. Tarif (Qiymət) Şurası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin müraciəti əsasında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tarifləri müəyyən edib.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat), kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Sözügedən yol üçün təqdim olunan qiymətin yüksək olmasından narazı qalanlar var. Maraqlıdır, təqdim olunan qiymət mövcud vəziyyətə adekvatdırmı? Ümumiyyətlə, ödənişli yolların istifadəyə verilməsini müsbət hal kimi dəyərləndirmək olar?
Fərhad Eyyubov: “Tarif qiymətlərinin nəyə əsasən tətbiq edildiyi məlum deyil, bu yoldan yığılan pulların sonrakı təyinatında şəffaflıq olmalıdır”
Nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov bildirdi ki, tarif qiymətlərinin nəyə əsasən tətbiq edildiyi məlum deyil. Bu yoldan yığılan pulların sonrakı təyinatında şəffaflıq olmalıdır. Ödənişli yoldan əldə olunan vəsait yol infrastrukturunun inkişaf etdirilməsinə yönəlməlidir. Bu yolların tarif dərəcələri müxtəlif ölkələrlə müqayisə olunur. Müqayisə edəndə görürük ki, xarici ölkələrdə tranzit yolları bizdən qat-qat bahadır. Bir müddət sonra insanların həyat tərzinə, tələbatlarına, yoldakı xidmət səviyyəsinə görə tarif qiymətləri konkretləşəcək. Ola bilsin ki, zamanla daha optimal qiymət təqdim edilsin. İndi isə narazılıqların olması normal haldır”.
Elməddin Muradlı: “Heç kəsi pullu olan alternativ yoldan istifadə etməyə məcbur edən yoxdur, yeni yoldan istifadə könüllü şəkildə seçimə əsaslanır”
Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, qiymətlər artıq təsdiqlənib və uyğun hesab etmək olar: “Yolun ümumi uzunluğu 129 km-dir, yerli vətəndaşlar tərəfindən mütəmadi istifadə olunan hissəsi 70-80 km olacaq. Çünki Qubaya gedən adam üçün lazımi hissə bu qədərdir. Geridə qalan hissə Rusiya sərhədinə getmək üçün lazım olan yoldur. Ortalama olaraq baxdıqda qiymət bugünkü şəraitə və vəziyyətə uyğundur. Yolda təhlükəsizlik təmin olunub. Gediş zamanı qarşınıza piyada, mal-qara və s. kimi maneələr çıxmayacaq. Yollar artıq xüsusi olaraq qorunur. Yolda beynəlxalq təcrübələrdə istifadə olunan müxtəlif sürət rejimi deyil, sərbəst sürət rejimi tətbiq olunur. Bu sürət qanunda tətbiq olunan və maksimum sürət həddi hesab edilən 110 km/saat sürətidir. Vətəndaşlar buna əməl etsələr, rahat şəkildə istifadə edə bilərlər. Nəzərə almaq lazımdır ki, bu yol alternativ yoldur. Hazırda istifadə etdiyimiz yol da mövcuddur. Heç kəsi pullu olan alternativ yoldan istifadə etməyə məcbur edən yoxdur. Yeni yoldan istifadə könüllü şəkildə seçimə əsaslanır”.
Günel CƏLİLOVA