Son illər zibil qutularının yanması faktları artıb. Yol kənarında olan plastik zibil qutularının içərisinə sönməmiş siqaret kötüyü atıldığı üçün yanma faktları artıb. Məlumat üçün bildirək ki, hazırda Bakıda müasir standartlara cavab verdiyi bildirilən müxtəlif zibil konteynerləri qoyulub. Plastik qablar üçün ayrı, kağızlar üçün ayrı...
Bu günlərdə paytaxtın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində zibil qutusunda yanğın hadisəsi baş verib. Hadisə nəticəsində iki avtomobil tamamilə yanıb. Əvvəllər zibil qabları dəmirdən idi. Amma zamanla həmin konteynerlər yeni plastik qablarla əvəzləndi. Bu zaman sual yaranır: plastik zibil qabları nə qədər etibarlı və təhlükəsizdir?
“Bu gün zibil qabları yaşayış evlərinin, avtomobillərin dayandığı park yerində quraşdırılır, nəticədə...”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əhali arasında məlumatlandırma və təbliğat işi aşağı səviyyədədir: “İnsanların əksəriyyəti tullantı qutularının müxtəlif rənglərdə olmasının səbəbini bilmir. Bakı şəhərində tullantıların çeşidlənməsinə başlanmasından 6 il vaxt keçməsinə baxmayaraq, əhalinin az hissəsi bu barədə məlumatlıdır. Məlumdur ki, səhər sakinlərinin 25 faizi tullantıların atılmasını uşaqlara həvalə edir. Uşaqlar isə əksər hallarda qapalı tullantı qutularının qapağını aça bilmədiyindən tullantını qutuların ətrafına atır. Hansı məntəqədə sosial işçi varsa, onlar uşaqların bu problemini aradan qaldırır və ya qutuların ətrafına atılan tullantıları qısa müddətdə təmizləyirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, zibil qalarının təyin olunma yeri əksər hallarda düzgün olmur. Belə ki, zibil qabları üçün yer təyin edərkən mütləq normativ tələblər nəzərə alınmalı, sanitar gigiyenik normalar gözlənilməlidir: “Qabların yerləşdiyi yerin arxa və kənar hissəsində qoruyucu hasar olmalıdır. Hər bir ərazi üzrə zibil qablarının sayı insan sayına uyğun formalaşdırılmalıdır. Zibil qablarının yerləşdiyi məntəqələr yaşayış mənzillərindən, uşaq və idman meydançalarından ən azı 20 metr məsafədə olmalıdır. Ətraf mühitin mühafizəsi və infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə zibillər sutka ərzində ən azı bir dəfə daşınmalıdır. Danılmaz faktdır ki, bu gün zibil qabları yaşayış evlərinin, avtomobillərin dayandığı park yerində quraşdırılır. Bu halda hər hansı bir xoşagəlməz hadisə baş verəndə nəqliyyat vasitəsi zərər görəcək. Bu səbəbdən də aidiyyəti qurumlar tullantı qablarının yerləşdiyi əraziyə xüsusi diqqət etməlidir”.
Ekspertin sözlərinə görə, zibil qablarının təşkili və onlara nəzarətlə bağlı vahid qaydalar, standartlar heyf ki, yoxdur. Beynəlxalq normalara əsaslanaraq vahid qaydaların hazırlanmasına ehtiyac var.
Günel CƏLİLOVAgüelGÜnel