Bir çox məktəblilər yeni tədris ilinə yeni və təmirli məktəblərdə başlasalar da, bəzi məktəblər hələ də təhsili köhnə və təmirsiz şəraitdə davam etdirir. Bu gün təmirə ehtiyacı olan, qəzalı vəziyyətdə olan məktəb binaları qalmaqdadır. Bu isə tədrisin keyfiyyətinə mənfi təsir edir.
Çünki məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir. Təəssüf ki, Yardımlı rayonunda yerləşən Bürzümbül kənd tam orta məktəbi də təmirsiz, şəraitsiz vəziyyətdədir. Sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, şagirdlər sinif otağında çətirlə oturur. Təhsil ocağının çürük, dəlik-deşik olmuş döşəməsi, yağış sularından uçub-tökülmüş tavanı, əl dəyən kimi ovulan divarları, bir sözlə, saymaqla bitməyən problemləri var. Uçmuş tavan nəticəsində bütün sinif otaqları yağış suyu ilə dolur. Bu hal müəllimləri, şagirdləri və onların valideynlərini olduqca narahat edir.
Aytəkin Kamranqızı: “Uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır”
Sosioloq Aytəkin Kamranqızı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, təhsilin təmir və tikinti sahəsində olan problemlər vahid qurumun olmaması nəticəsində yaranır: “Azərbaycanda da məktəblərin təmir və tikintisi məsələsinə nəzarət edən qurum yaradılmalıdır. Nəzarət qurumu olmadığı halda belə hallar dünən də olub, bu gün də var, sabah da olacaq. Uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır”.
Elşən Qafarov: “Hazırda ölkədə təmir olunmayan məktəblər də mövcuddur, həmin məktəblərlə bağlı…”
Təhsil eksperti Elşən Qafarov hesab edir ki, müstəqillik dövrünün son 20 ilində Azərbaycanda məktəb tikintisi proritet məsələlərdən biridir: "2005-2015-ci illərdə Azərbaycanın yeni məktəb layihəsi ilə Heydər Əliyev Fondu tərəfindən ölkədə olan 4432 məktəbdən 3200-dən çoxu əsaslı təmir olunub. 2015-2018-ci illərdə modul tipli məktəblərin tikilməsi layihəsi genişləndirilib. Hazırda ölkədə təmir olunmayan məktəblər də mövcuddur. Həmin məktəblə bağlı aidiyyəti orqanlara müraciət olunmalı və lazımı tədbirlər görülməlidir.
Qarabağın dirçəlişi üçün dövlət büdcəsindən böyük vəsait ayrılır. Buna baxmayaraq, regionların inkişafı və infrastrukturun formalaşmasına da xüsusi diqqət yetirilir. Burada əsas məsələ yararsız məktəblərlə bağlı aidiyyəti orqanların vaxtında məlumatlandırılmasıdır”.
Günel CƏLİLOVA