Məlum olduğu kimi, Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilir. Bu, “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.
Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsi sosial şəbəkədə müzakirələrə səbəb olub.
“Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsi yeni müəssisələrin inşası və yaşayış massivlərinin salınması ilə bağlıdır”
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Sumqayıt şəhərində əhalinin sayı artıb. Sumqayıt həm paytaxt Bakıya, həm də şimal bölgəsinə ən yaxın şəhərdir. İş yerləri, ali təhsil müəssisələri və s. ilə əlaqədar son illər Sumqayıta axın çoxalıb: “Sumqayıtda inzibati torpaq sahələri tükənmək üzrədir. Artıq Bakı şəhəri, belə demək olarsa, fərdi yaşayış evləri üzərindən Xırdalan, Ceyranbatan və Sumqayıtla birləşib. Danılmaz faktdır ki, Bakı və Abşeron ərazilərində torpaq sahələri də bitmək üzrədir. Sumqayıt sənaye şəhəri olduğuna görə həmin ərazilərdə, o cümlədən Binəqədi və Abşeronda digər təyinatlı torpaqlar çoxdur. Bu ərazilərdə tikinti işlərinin aparılması, yaşayış massivlərinin salınması qanunla qadağandır”.
Ekspert hesab edir ki, Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsi yeni müəssisələrin inşası və yaşayış massivlərinin salınması ilə bağlıdır: “Sənaye müəssisələri şəhərdə yox, neytral, boş ərazidə tikilir ki, insanların yaşayışına maneə törətməsin, həm də gediş-gəliş məsafəsi uzun olmasın. Yeni iş yerlərinin açılması isə Sumqayıt sakinlərinin Bakıya iş üçün gəlmələrinin, eyni zamanda tıxacların qarşısını ala bilər”.
Günel CƏLİLOVA