Mənzil-Tikinti Kooperativlərinin binalarda sakinlərdən xidmət haqlarını nağdsız qaydada toplaması ilə bağlı qanunvericilik aktı İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır və dövlət daxili müzakirələrdədir.
Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deputat Emin Hacıyevin təklifinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, E.Hacıyev təklif edib ki, MTK-ların sakinlərdən xidmət haqqının toplanılması nağdsız qaydada olsun.
O qeyd edib ki, burada kifayət qədər vəsait dövr edir.
“Bu vəsait nağdsız qaydada xərclənərsə, bu sahəyə daha çox işçi heyətinin cəlb edilməsinə, nəticədə məşğulluğun artmasına nail ola bilərik. Bunun üçün bank hesabı açıla bilər. Bu vəsaitlər bank hesabına daxil olarsa təyinatı üzrə xərclənməsi də təmin edilə bilər”, - deyə deputat əlavə edib.